“Özünü cırsan da…” – Əlizadə ilə Cəlaloğlunun söz davası VİDEO

İTV-də yayımlanan prezidentliyə namizədlərin ödənişsiz efir vaxtında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə sözlü atışıblar.

Yenicag.az saytının məlumatına görə, millət vəkili Zahid Orucun milli barışıq fikirinə münasibət bildirən Araz Əlizadə bildirib ki, o zamankı Xalq Cəbhəsi Sosial demokratların milli barışıq təklifinə qətiyyətlə rədd cavabı veriblər:

“Hələ də Pənah Hüseynovun sözü qulağımda cingildəyir. O deyirdi ki, birazdan özəlləşmə başlaycaq, biz kənarda qalacağıq, biz axı meydanlarda yatmışıq, özəlləşmədən bizim də payımız olmalıdır. Bu insanlar özəlləşmədən pay umurdular”.

Araz Əlizadənin səsləndirdiyi fikirlərə ADP sədri Sərdar Cəlaloğlu münasibət bildirərək deyib ki, Zahid Oruc çox gözəl fikir səsləndirsə də, Araz Əlizadə hər şeyi əvvəlki vəziyyətinə qaytardı:

“Araz Əlizadə Pənah Hüseyn haqqında özünün uydurdğu bir fikir səsləndirdi. Azərbaycan müxalifətini Azərbaycandakı bütün problemlərin hədəfi kimi göstərdi. Bu, tamamilə yanlış bir münasibətdir. Azərbaycanda müxalifət haqqında qanun olmalıdır. Protokolda müxalifətin yeri göstərilməlidir, müxalifət də o protokoldakı yerinə görə gedib Heydər Əliyevin qəbrinin üstündə baş əyməlidir”.

Sərdar Cəlaloğlunun cavabına münasibət bildirən Araz Əlizadə bildirib ki, göydələn binalarda evin kvadrat metri çox yüksəkdir, ancaq bu qiymətlər Londondakı qiymətlərdən aşağıdır:

“Uşaqları Londonda yaşayan, onlara ev alan, həyatını təmin edən müxalifət düşünməlidir ki, insanlar bu gün süfrəyə bir şey qoya bilmədiyi halda, onların uşaqları xaricdə hansı pulla dolanır? Bu, Sərdar Cəlaloğlu sizə də, Əli Kərimliyə də aiddir. İqtidardan, nazirlərdən övladları xaricdə oxuyanlar haqqında bir şey demirəm. Onların yüksək maaşları var. Onlar dövlət hesabına öz uşaqlarını oxumağa göndərirlər. Mənim oğlum əsgərlikdən gələndən sonra evləndi, İngiltərədə ingilis dilini təkminləşdirmək üçün kurs qazandı, ancaq səfirlik viza vermədi”. Üzünü Sərdar Cəlaloğluya tutaraq, fikrini sualla tamamlayır: “Necə olur ki, sizin uşaqlara viza verirlər, ancaq mənim uşağıma yox?”

Sərdar Cəlaloğlu isə Araz Əlizadənin bu fikirinə replika ilə “bu, hörmətə baxır” deyərək, cavab verib.

Araz Əlizadə çıxışına davam edərək qeyd edib ki, siz onlara qulluq edirsiniz, Azərbaycan xalqına deyil:

“Uşaqları, gəlinləri, arvadı Böyük Britaniyada oturub, sən burada niyə oturmusan? Azərbaycan xalqına xəyanət etmək üçün? Pənah Hüseynovla bağlı səsləndiriyim fikirə gəldikdə isə, Azərbaycanda bir nəfər desin ki, yalan danışmışam, siyasətdən gedirəm. Sübut edə bilməzsən. Özünü cırsan da sübut edə bilməzsən. Çünki sənin mayan yalanla yoğrulub. Rəsul Quliyevə atdın, Xalq cəbhəsinə atdın, indi də, öz partiyana atırsan”.

Araz Əlizadənin bu sözlərinə, Sərdar Cəlaloğlu yerindən cavab verərək deyib ki, “indi də Rəsul Quliyevi müdafiə edirsən?”

Araz Əlizadə isə “xeyr” deyərək, sözlərini, “Azərbaycan xalqı, sizə üzümü tutub deyirəm, bəsdir, köhnə maraqların anqırtısına qulaq asdınız. O böyürtüyə qulaq asanda ortaya 1992-93-cü ildəki vətəndaş müharibəsi gəlib çıxacaq”, deyərək, yekunlaşdırıb.