“Özünü Peyğəmbərlə eyniləşdirir…” – Diyanət İşləri FETÖ haqqında hesabatını açıqlayıb

Türkiyənin Diyanət İşləri Başqanlığı özünün FETÖ terror şəbəkəsi haqqında hesabatını təqdim edib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Diyanət İşləri Başqanlığının FETÖ-ya dair hesabatında şəbəkənin fəaliyyəti və təşkilatın lideri Fətullah Gülənin istifadə etdiyi taktikalardan ətraflı bəhs olunub.

Hesabatın girişində qeyd olunub ki, bəzi “ilahiyyatçı”ların 1000 il əvvəl dini istismar etmək taktikasından əsrlər sonra Fətullah Gülən istifadə etməyə başlayıb və nəticədə, bir çox insanların şüurunu zəhərləməyə nail olub.

Qeyd edilib ki, öz təsir və maraqlarını yaymağa çalışan Gülən bu yolda fərqli taktikalardan yararlanıb və onun əl atdığı tərzlər əslində, çox da qarışıq deyil:

“O, hər çıxışında sətiraltı məna verən ifadələr işlədib. Özünü nəzərdə tutduğu halda, üçüncü şəxs haqqında danışıb. Öz təkəbbürünü təvazökarlıq kimi göstərməyə çalışıb. Maraqları tələb etdiyi anda bu tərzlərdən ustalıqla istifadə edib”.

Sənəddə qeyd olunub ki, Gülən öz çıxışlarında Peyğəmbərin adı ilə inanılmaz spekulyasiyalara da əl atmaqdan çəkinməyib:

“O, insanların əqidəsini davamlı olaraq korlamağa cəhd edib. Hər imkanda öz tərəfdarlarına Allahla rabitə qurulmasının mümkünlüyünü deyib. Çıxışlarında Peyğəmbəri İzmirə gətirməsi, onu məscidə aparması və müntəzəm təmasda olduqlarına dair söz deyərkən qətiyyən səmimi olmayıb.

Bu hərəkətləri alçaqcasına edib, özünü səmimi göstərmək üçün gözyaşı töküb. Peyğəmbəri ayağına gətirdiyini, mələklərlə söhbətləşdiyini, haqdan ona vəhy gəldiyini söyləməkdən çəkinmir. Özünü Peyğəmbərlə eyniləşdirir. Quran ayələrini öz maraqlarına uyğun şəkildə şərh edir.

Çıxışlarında yaratdığı təşkilatın üzvlərini ya “Allah camaatı”, ya da “Peyğəmbər camaatı” kimi təsnifatlaşdırır. Bu zaman özünü də gah “Məsih”, gah da “Peyğəmbərin seçdiyi şəxs” adlandırıb”.

Yenicag.Az

COP29