!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Palıdla söhbət - Sona Vəliyeva Sabir Rüstəmxanlıdan yazır

!Reklam – Yazi

Salam, əziz Sabir bəy! Bu yaxınlarda internetdən bir videonuzu izlədim…

Quruyan palıd ağacının yanından etinasız ötüb keçə bilmədiyinizin səbəbini danışırdınız. Çox təsirli səhnə idi. Adətən quruyan ağacaların, suyu kəsilən arxların, pəncərəsi sökülən, işığı kəsilən, yaşanmayan evlərin çox ağır, mənfi ruhi təsir gücü olur. Ona görə də quruyan ağacın göyərməsinə ümid olmayanda onu kəsiblər ki, o biri agaclara ruh halına təsir etməsin. Ağaclar da insan kimidir. Yaşıl, barlı-bəhrəli zamanında yüzlərlə insana rahatlıq bəxş edər. Elə ki, qurudu, bir kəs onun həyatının sona çatma səbəbini nəinki öyrənməyə cəhd etməz, hətta yaxın belə durmazlar. İndi quruduğu üçün onlara gərək olmaz… Sizin ata-ana əhvalı sormaq duyğusu ilə maşını saxlatmağınız, palıd ağacının qurumasına təəssüflənməyiniz, onun sizin mənəvi dünyanıza məhrəmliyinin sirrini açmağınız mənə çox tanış hisslər idi. Kölgəsində rahatlıq taparaq aldığınız kitabları tələsərək oxuyub, kitabların qəhrəmanları ilə dostlaşmaq hissi ilə yanaşı oxuduqlarınızı indiki hafisənizdən qat-qat öncəyə həkk etmək bacarığınız da mənə çox tanış gəldi. Mən də bir vaxtlar qəpik-qəpik pul yığaraq rayon mərkəzindən aldığım, avtobus dayanacağı hesab olunan İsa Həbibbəyligilin evinə sərhəd olan söyüd ağaclarının kölgəsində növbəti avtobus gələnə kimi oxuyub bitirdiyim kitabların məzmununu indi də xatırlayıram…

İllər sonra rayona gedəndə kölgəsi daha da böyüyən söyüd ağacına – “maşallah, necə böyüyüb bu ağac” – deməyimə orada avtobus gözləyənlər təəccüblə baxmışdılar.

Sizin palıd ağacıyla bağlı xatirələriniz atalı-analı, dəli-dolu bir gənci gözlərimiz qarşısına gətirdi. Ürəyi arzularla, ümidlərlə dolu, dünyanı dəyişmək gücündə olduğunu hiss edən, böyüdüyü kənddən gələcəyin ünvanını tapmağa çalışdığı qədər də yarı canını burada qoyub gedən gənc Sabirlə ömrün şükürlər olsun ki, şöhrət zirvəsini zəhməti, istedadı ilə fəth edən müdrik Sabir Rüstəmxanlı quruyan palıd ağacının yanında görüşürdülər… Uzun illərdən sonra iki doğma adam kimi bir-birinə keçənlərdən, olanlardan suallar yağdırırdılar.

Xatirələrin sizi əhatəyə almasından yadınızda qalmasa da, mənim izlədiyim mənzərədən baş verənlər sualları belə sıralayırdı… Sadəcə mən də elə bunları yadda saxlaya bildim.

İlk sual:

Şair:

– Sənə nə oldu? Niyə qurudun?

Palıd:

– Həyatdır da… İnsan da bir gün ölür.. Siz sağ olun!

Bir də ki ruhumu yeni göyərən palıdlara ərmağan etmişəm. Səni gördüm, ruhum yenidən oyandı. Sən necəsən, oğul?

Şair:

– İndiki halımı soruşursansa, adımı unutdum… Mən ağacların qurumasına, yaşanmayan evə, suyu quruyan arxa baxa bilmirəm. İçimdən elə bil duman qalxır.

Palıd:

-Dumanmı dedin? Duman dağa-daşa bərəkət gətirərdi. Sən gedəndən çoxu kimi o da getdi, yollar adamsız qaldıqca ömür boyu çəkdiyimiz ahlar dağlarda duman yox, içimizdə qor oldu, özümüzü yandırdı.

Şair:

– Eləsə, deyəydin getməyin, kəsəydin qarşımızı, qoymayaydın getməyə…

Palıd:

– Mümkün olmazdı… Nə evə sığırdın, nə kəndə-kəsəyə, nə də mən bitən çöllərə… Gözün yollarda idi. Bir də görmüşkən bir şeyi də soruşum, sən getdin, o necə oldu?

Şair:

– Kimi deyirsən?

Palıd:

– Özün bilirsən kimi deyirəm. O da mənim kölgəmdə çox-çox əvvəl səni düşünmüşdü…

Şair:

– Mən gedəndə nəinki onu, hətta bütövlükdə bu kəndi içimdə aparmışdım. Elə səni də…

Palıd:

– Amma kəndə gec-gec gəldin… küsmürəm, buraları unutmamağın təskinliyimizdi yenə də.

Şair:

– Mən harda oldumsa, hansı şeirim mənə uğur gətirdisə, öncə buraya, doğulduğum kəndimə, el-obama, bu yollara təşəkkür etdim.

Palıd:

– Yoxsa ki, təşəkkür etməməliydin? İlk şeirindən tutmuş bütün əsərlərinin mövzusunu sənə biz pıçıldadıq… “Ömür kitabı”-nı da, “Göy Tanrı”-nı da, “Ölüm zirvəsi”-ni də… Bütün düşüncənə halal mayanı burdan sənə ərmağan etdik. Qələbə gününə, Qarabağın zəfər salnaməsini sənin yazmağın üçün etdiyim duaları bir bilsən… Bunu unutma!

Şair:

– Unutmaq şairlik deyil! Mən xatiələrin adamıyam.

Palıd:

– Mən babanı tanıyırdım. Ərdəbildən gələndə kəndə qalxmazdan əvvəl mənimlə dərdləşmişdi. Təskinliyim ona ayrılıqları toxtatmışdı. Özünə inamı artırmışdı. Babana deyəndə ki, çox darıxma, dağların o üzü Ərdəbildi, demişdi ki, elə o çətindir də…

İndi sən müasir geyimdə olsan da, bu yaşında mənə yaşıl arxalıqlı, gümüş kəmərli babanı xatırladırsan.

Kənddəkilərə nə gətirirsən soruşmayacam, gedəndə nə aparırsan?

Şair:

– Ata-anamın məzarı üstdə etdiyim duaların yuxuma gətirdiyi valideyn dualarını və qəpik-qəpik yığıb aldığım bəzi kitabları.

Palıd:

-Tez-tez gəl… Mənə səndən başqa heç kim baş çəkmir. Elə bilirlər ki, qurumuşam, qəlbim də quruyub. Amma elə deyil.

Gözüm yollardadır, tez-tez gəlin.

Şair:

– Vaxt tapan kimi gəlirdim. İndi səninlə söhbətdən sonra buralardan intizarıma palıd atanın qayğısı da əlavə olundu… Tez-tez gələcəm.

Palıd:

– Gəl, mütləq gəl… Doğum günü ərəfəndə sənə dağ ömrü, qaya əzmi, palıd ruhu arzulayıram!

Şair:

– Aman Allah! Sən doğum günümü də xatırladın?

Palıd:

– Mən xatirələrin adamını, qurumuş görünən, amma ruhu əbədi sağ olan ağaclara salam verən övladımı yaddaşımın dərinliklərinə yazmışam.

Yolun açıq olsun! Tez-tez gəl! Gözləyəcəm!

www.yenicag.az

383
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv