“Palmali” dünya nəhəngləri ilə eyni masada – Böyük anlaşmalar imzalandı

“Palmali” şirkətlər qrupu 3 ay içində ard-arda beş şirkətlə yeni razılaşmalar imzalayaraq Baltik gölündə “Tin Treyk”, “Repsol” “Intoil, “Nikoil” və “Yuq Rusi” ilə əməkdaşlığa başlayıb.

Yenicag.az xəbər verir ki, uzun müddət üçün nəzərdə tutulan razılaşmalar sayəsində “Palmali Türkiyə” filosunun 70%-ini zəmanət altına alıb. Holdinqin rəhbəri Mübariz Mənsimov 2018-ci ilin onlar üçün çox uğurlu başladığını və sonuncu olaraq İsveçrənin neft ticarəti şirkəti “Intoil”la müqavilə imzaladıqlarını bildirib. O qeyd edib ki, “Intoil”ə kiralanan 12 ədəd quru yük gəmisi bugünkü bazar şərtlərinə görə olduqca yaxşı vəziyyətdədir. Mənsimoğlu həmçinin beynəlxalq “Tin Treyk” şirkəti ilə 5 illik razılaşmanın əldə olunduğunu və bu sazişə əsasən üç iritutumlu gəminin kiralandığını deyib. İş adamı qaz nəqliyyatı üçün də hazırda müxtəlif şirkətlərlə danışıqların aparıldığını vurğulayıb:

“Hazırda dünyanın 3 nəhəng şirkəti ilə danışıqlar davam edir. Neft nəqliyyatı ilə yanaşı qaz nəqliyyatı sahəsində də inkişaf etməyi hədəfləyirik. Bu nəhəng şirkətlərdən biri Avropadadır, digəri isə Amerikada. Bu ilin sonuna kimi bu şirkətlərlə də razılaşmalar imzalanacaq. Sona qalan iki şirkətdən biriyik. Bu ilin sonu dəvət edilməyi gözləyirik”.

“Palmali Türkiyə”dən verilən məlumata görə, holdinq iyul ayında da daha 3 şirkətlə yeni saziş imzalayacaq. Şirkət uzunmüddətli razılaşmalar sayəsində yeni investisiya cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, şirkətin hazırda Rusiya və Malta bayraqlarını daşıyan 100-dən çox gəmisi ilə yanaşı kiraladıqları gəmilərlə birgə 200-dən çox gəmisi dünya sularında üzür.