Pandemiya dövründə distant təhsil: Üstünlükləri, çatışmazlıqları və ictimai fikir

Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb. Bu proses dünya ölkələrinin əksəriyyətini əhatə etdiyindən, YUNESKO təhsildə yaranan fasilələri məhdudlaşdırmaq üçün distant təhsil proqramlarından istifadəni tövsiyə edib.

Bəs distant təhsil nədir? Distant təhsil – tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunması formasıdır. Distant təhsil – müəllim və tələbələrin bir-biriləri ilə məsafədən qarşılıqlı əlaqəsidir ki, burada təhsil prosesinə xas olan bütün komponentləri (məqsədləri, məzmunu, metodları, təşkilati formaları, tədris vasitələri) əks etdirən və internet texnologiyalarının xüsusi vasitələri və ya interaktivliyini özündə cəmləşdirən digər vasitələrdən istifadə olunur.

Distant təhsil formasını ilk yaratmaq cəhdi 1840-cı ildə edilib. Həmin vaxt İsaak Pitman poçt məktubları vasitəsi ilə Birləşmiş Krallıqda tələbələrə stenoqrafiyanı öyrətməyə başlamışdı. Azərbaycanda isə distant təhsilin rəsmi yaranma tarixini “Təhsil haqqında” yeni qanunun təsdiq edildiyi 19 iyun 2009-cu ili hesab etmək olar. Qanunun 13-cü maddəsinə əsasən, əyani və qiyabi təhsil formaları ilə yanaşı, distant təhsil forması da qəbul olunmuşdur.

Azərbaycan Respublikası Təhsil Nazirliyi isə bu gözlənilməz hadisəyə doğru reaksiya verdi. Qısa müddətdə teledərs, virtual məktəb layihələrini həyata keçirməklə yaranan boşluğu qismən də olsa doldurdu. Bundan başqa, məktəblər müxtəlif tətbiq proqramları ilə bu şagirdləri bilgiləndirməyə çalışdı. Azərbaycan müəlliminin fədakarlığı bu prosesdə bir daha önə çıxmış oldu.

Distant təhsilin aktual olduğu bir dövrdə valideynlər arasında sorğu keçirdik. Aparılan sorğu bu tədris formasının valideyn və müəllimlər üçün yaratdığı üstünlük və çatışmazlıqları müəyyən edib, distant təhsildən daha səmərəli istifadəni təşkil etmək məqsədi daşımışdır. Qeyd edək ki, sorğuda 1200-ə yaxın respondent iştirak etmişdir.

İlk olaraq respondentlər distant təhsilə olan münasibətlərini bildirmişlər. Onlardan 39,6%-i distant təhsili xüsusi hallar üçün faydalı hesab etsələr də, 31%-i yaxşı və 18,9%-i isə əla olaraq dəyərləndirmişlər. Demək lazımdır ki, distant təhsil yaranan şəraitlə əlaqədar olaraq tədrisin davam etdirilməsi üçün təxirəsalınmaz qərar olaraq verilmişdir. Qəbul etməliyik ki, nə müəllimlər, nə valideynlər və nə də şagirdlər bu təhsil formasına hazır deyildilər, hətta məlumatsız da ola bilərdilər. Buna görə də respondentlərin 10%-i distant təhsilə qənaətbəxş olmayan bir forma kimi yanaşmışlar.

Distant təhsil forması və onlayn dərslər internet üzərindən aparıldığı üçün müəyyən texniki problemlərin və avadanlıq nasazlığı sıxıntılarını da qaçılmaz edir. Sorğu iştirakçılarının yarıdan çoxu – 53,3%-i bu qəbildən olan sıxıntıların çox az olduğunu, 32%-i çox olduğunu, 14,7%-i isə demək olar ki, heç olmadığını qeyd etmişdir.

Onlayn dərslər zamanı fənnin öyrədilməsi və öyrənilməsinin izlənilməsi də vacib şərtlərdən hesab edilir. Bu prosesin öyrənənlərə daha asan və yaxud daha çətin olması sorğusuna respondentlərin 41,7%-i kəskin bir fərq olmadığını, 33,2%-i daha çətin olduğunu və 10,5%-i isə daha asan olduğunu qeyd etmişdir. Çox maraqlıdır ki, 14,6% iştirakçılar bu suala cavab verməkdə çətinlik çəkmişlər. Cavablardan da göründüyü kimi, bu sualda fikirlərin müxtəlifliyi hələ müəyyən təcrübə çatışmazlığı göstəricisi olaraq izah edilə bilər.

Distant təhsil zamanı onlayn dərs prosesində müəllimlərin kameranın arxasında qalması, onların təhsilalanlarla canlı ünsiyyət qura bilməməsi, həmçinin emosiya və duyğuların nisbətən az ötürülməsinin şagirdlərə təsiri necədir, onlarla canlı ünsiyyəti əvəz edirmi? Bu suallara respondentlərin 69,4%-i canlı ünsiyyətə ehtiyac duyduqlarını, 21,6%-i virtual ünsiyyətin yetərli olduğunu, digərləri isə cavab verməkdə çətinlik çəkdiklərini söyləmişlər. Ənənəvi təhsil zamanı qarşılıqlı emosional əlaqənin və duyğuların ötürülməsi onlayn dərslərə nisbətən daha güclü olsa da, bu dərslərin də şagirdlər arasında müəyyən marağa səbəb olduğu, onlarda texnologiya ilə əlaqələndiyi üçün dərslərə daha həvəslə yanaşılması müşahidə edilmişdir.

Onlayn dərs prosesi zamanı təlim nəticələrinin daha effektiv olub-olmaması da əhəmiyyətli məqamlardan biridir. Respondentlərin böyük əksəriyyətinin, yəni 74,3%-nin fikrincə, canlı dərslər zamanı nəticələr daha yaxşı və daha effektiv olur. Onlayn və yaxud da canlı dərs olaraq nəticə əldə etməyin heç bir fərqi olmadığını iştirakçıların 15,5%-i cavablandırmışdır. İştirakçıların 5,7%-i isə, yəni say olaraq təxminən 65 nəfər onlayn dərslərdən əldə olunan nəticəni qənaətbəxş hesab etmişdir. Yerdə qalan faiz (4,5) bu sualı dəyərləndirməyə çətinlik çəkdiklərini söyləmişlər.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “İndi biz XXI əsrdə yaşayırıq. XXI əsr yüksək texnologiyalar əsridir. Bu əsrdə hansı ölkə biliyə, savada, yeniliyə daha meyillidirsə, o ölkə öz maraqlarını təmin edəcəkdir” deməklə müasir təhsil vasitələri və onlardan istifadə etməklə bilik və bacarıqların əldə edilməsinin zəruriliyini bizlər üçün vurğulamışdır. Müasir tədris formalarından istifadə edərək, həmçinin texnoloji avadanlıqlardan yararlanaraq bilik və bacarıqların əldə edilməsi də zamanın tələblərindən biridir. Sorğuda verilən suallardan biri də şagirdlərin texnoloji vasitələrlə tədris almasına münasibət məsələsi ilə bağlı olmuşdur. Bu suala respondentlərin 36,5%-i (418 nəfər) müsbət münasibətini göstərmişdir. Təxmini o qədər də, yəni 34,5%-i (396 nəfər) isə lazım olmadığı təqdirdə bu formada tədrisdən istifadə etməyəcəklərini bildirmişlər. İştirakçıların 28,9%-i (331 nəfər) bu prosesə neytral münasibət bildirmişlər.

Distant təhsil zamanı onlayn dərs prosesi bilavasitə şagirdlərin ev mühitində keçirildiyindən, mövcud vəziyyətlə əlaqədar olaraq valideynlərin də bu prosesdə iştirakını zəruri etmişdir. Belə ki, valideynlər dərslərin keçirilməsi zamanı övladlarının yanında olmalı, dərs prosesini təşkil etməkdə köməklik göstərməli, dərs prosesinin effektiv keçməsi üçün şərait yaratmalıdırlar. Sorğu iştirakçılarının 34,9%-i bu köməkliyin hərdən, yəni övladları müraciət edərkən, 22,8%-i imkan daxilində göstərildiyini, 22,7%-i heç bir köməklik etmədiyini və 19,6%-i isə hər zaman köməklik göstərdiyini söyləmişdir. Həmçinin müşahidələr valideyn məsuliyyəti və dərs prosesinə nəzarətinin onlayn dərslər zamanı zəruri olduğunu göstərir. Ümumiyyətlə, valideynin məsuliyyəti tədrisin bütün formalarında çox vacibdir.

Distant, yəni müəyyən məsafədən keçirilən təlim-tədris sistemi hamı üçün münasibdir. Bu, illər ötdükcə daha çox inkişaf edəcək müasir təhsil formasıdır. Respondentlər bu formanın hansı şagird qrupları üçün faydalı olduğunu cavablandıraraq maraqlı statistika ortalığa çıxarmışlar. Belə ki, 38,1% iştirakçı bu təhsil formasının xüsusi hallar üçün, müvəqqəti məktəbə gedə bilməyən (xəstəlik, başqa yerə köçmə və s. səbəblərdən) şagirdlər üçün yararlı olduğunu söyləmişlər. Respondentlərin 28,5%-i distant təhsil formasının müstəqil biliklərə yiyələnmə qabiliyyəti olan şagirdlər üçün, 26,5%-i isə bütün şagirdlər üçün effektiv ola biləcəyini qeyd etmişlər. 3,8% cavablar müəllimlə ünsiyyətdə çətinliklər yaşayan şagirdlər üçün, 3,2% isə müəyyən bir fənndən geri qalan, zəifliyi olan şagirdlər üçün yararlı olduğunu düşünən cavablar olmuşdur.

Onlayn tədrisin metodologiyası tamamilə fərqlidir. Düzdür, ənənəvi üsullardan da istifadə edilir, amma müəllim eyni yanaşmanı sərgiləyərsə, dərsinin alınmayacağına əmin olmalıdır. Virtual şəkildə şagirdi idarə etmək müəllimdən tamam başqa bacarıqlar istəyir. Burada yenə bizim üçün aydın olan bir məsələ yada düşür: yaradıcı müəllim. Yaradıcı müəllim operativ şəkildə vəziyyətdən çıxmağı bacardığı üçün onlayn dərslərdə də problem yaşamayacağı bəllidir.

Sorğuda iştirak edənlər distant təhsil zamanı müşahidə etdikləri üstünlükləri 33,3% olaraq bu prosesin evdə təşkil olunduğu üçün qeyd etmişlər. 25,9% respondent isə bu prosesin şagirdlərdə müstəqil öyrənmə bacarıqlarının inkişafı üçün faydalı olduğunu düşünmüşlər. İştirakçıların 23,2%-i isə bu prosesin heç bir üstünlüyünü görmür. Maraqlıdır ki, cavabların 17,6 faizi bu prosesin vaxta qənaət edəcəyini üstünlük kimi görmüşlər. Digər cavabları ümumiləşdirərək qeyd etmək olar ki, distant təhsilin bir sıra üstünlükləri vardır: kompüterdə işləmək maraq cəlb edir; psixoloji komfort durumu; zamana qənaət; gələcək üçün lazım ola biləcək distant təhsil ilə işləmək bacarıqlarının inkişafı; əlavə tədris materiallarının daha dərindən öyrənmə imkanı; tədris materiallarının müstəqil öyrənmə bacarıqlarının inkişafı; evdə təhsil alma imkanı.

Hazırda istər müəllim kontingentini, istərsə də valideynləri düşündürən qlobal suallardan biri də dərslər bərpa olunarsa, bu müddətin hansı tarixə qədər uzadılması, dərslərin bitmə zamanının müəyyənləşməsidir. Respondentlərin 38,2%-i karantin zamanı onlayn dərslərin keçirildiyini nəzərə alaraq elə dərslərin bitmə tarixinin 15 iyun olmasını düzgün hesab etmişlər. Çox maraqlıdır ki, təxminən elə o qədər də respondent, yəni 35,5%-i dərslərin elə sentyabrda açılmasının tərəfdarı olduğunu söyləmişdir. 14,3%-i bu müddətin 1 iyuladək uzadılmasını labüd hesab etmişdir. Sorğu iştirakçılarının 12%-i isə dərslərin 15 iyuladək uzadılmasına səs vermişdir. Gördüyünüz kimi, valideynlər dərslərin yay aylarında keçirilməsini istəmirlər. Düzdür, bu, valideynin övladının sağlamlığına daha üstün qiymət verməsinin göstəricisidir. Lakin onu da nəzərə alaq ki, ölkəmizin hər yerində, bütün məktəblərdə onlayn dərsi təmin etmək mümkün olmayıb, buna görə də keçilməyən dərslərin öyrənilməməsi narahatedici görünür.

Distant təhsildə 30-40 dəqiqə ərzində müəllim hər hansı bir mövzunu tədris edərək şagirdlərini öyrədir və ev tapşırığı verərək bu prosesin daha dərindən öyrənilməsini təmin edir. Distant təhsil adi təhsil sistemini əvəz etmir və əvəz də etməməlidir, amma distant təhsilin gələcək üçün inkişafının təmin edilməsi də artıq vacib hal alıb.

Qəfil yaxalandığımız bu proses bizə onu göstərdi ki, distant təhsil forması ölkəmizdə rəsmiləşdirilməli, distant təhsilə cavab verən müəllimlər kurslara cəlb edilməli, distant təhsilə cavab verəcək internet sistemi olmalı, distant təhsilin metodologiyası işlənməli, distant təhsilin menecmentliyi ali məktəb proqramlarına salınmalı və distant təhsilin pedaqogikası hazırlanmalıdır.

Şəmil SADİQ,

filologiya üzrə fəlsəfə doktoru, dosent,

Aytən HÜSEYNOVA