Pandemiya dövründə imtahanların keçirilmə QAYDASI

Pandemiya dövründə imtahanların keçirilməsi ilə bağlı DİM tərəfində təlimat hazırlanıb.

Yenicag.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Operativ Qərargahın bugünkü brifinqində deyib:

“Bu imtahanlarda 143 minə yaxın şagird iştirak edib.

DİM tərəfindən pandemiya dövründə imtahanların təşkili üçün tədbirlər həyata keçirilib. Kütləviliyin azaldılması məqsədilə lokal şəraitdə imtahanlar keçirildi. Bu bizə imkan verdi ki, bir binada 250 nəfər iştirak etsin. Eyni zamanda virusa yoluxma faktı da görülən tədbirlərə uyğun olaraq qeydə alınmayıb”.

O qeyd edib ki, ilk 3 həftə ərzində keçirilən bütün imtahanların nəticələri elan olunub:

“2-3, 10 iyulda keçirilən imtahanlarında iştirak edən 19 min abituriyentin nəticələri də elan olunub. Qarşıdakı həftədə də qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur”.

Xanlar Xanlarzadə əlavə edib ki, DİM Operativ Qərargaha müraciət edərək, imtahanların keçirilməsi üçün icazə alıb və 23-24 iyulda qəbul imtahanları keçiriləcək: “Bütün məlumatlar DİM-in saytında yerləşdirilir. Ola bilər ki, kimsə qrafikdə öz rayonunu tapmasın. Biz növbəti həftə ərzində keçiriləcək imtahanların qrafikini açıqlayacayıq. Bu həftə 58 mindən artıq abituriyentin imtahanı olacaq, növbəti həftə isə 28 mindən artıq abituriyent iştirak edəcək”.

Sözçünün sözlərinə görə, bütün imtahan binalarının qarşısında sosial məsafənin qoyulması üçün müəyyən xətlər çəkilib.

“Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu rayon və şəhərlərdə də bu imtahanlar təşkil olunacaq. Hər bir abituriyentə imtahan verəcəyi yer yaşadığı ünvana yaxın olacaq. Əgər abituriyentin özünün getməyə imkanı varsa, gedib, imtahan verəcək. Əgər ehtiyac olarsa, abituriyentin yanında bir nəfər gələ bilər. Bu zaman imtahana gedəndə buraxılış vərəqəsi, sağlamlıq haqqında arayış və yanında gələcəyi şəxs üçün də arayış veriləcək. Arayışdakı QR kod vasitəsilə sənədin həqiqiliyi müəyyən ediləcək”.