Pandemiya dövrünün məktəbli valideynlərinə VURDUĞU ZƏRBƏ: “Dövlət onlara yardım etməlidir” – Təklif

“Məktəbli valideynlərinə dövlət tərəfindən maddi yardımın edilməsi vacibdir”.

Avqustun 16-dan başlayaraq Rusiyada məktəbli övladı olan valideynlər yeni tədris ili ilə bağlı dövlətdən 10 min rubl məbləğində (təxminən 233 manat) birdəfəlik ödəniş alacaqlar. Ödəniş 6-18 yaş arasında olan bütün şagirdlərə şamil ediləcək. Ödəniş verilməsində ailənin maliyyə imkanları nəzərə alınmayacaq. Bundan başqa, əlilliyi olan 18-23 yaşlı məktəblilər də dəstəkdən yararlana biləcək.

Bu cür proqramın ölkəmizdə də tətbiqinə ehtiyac olub-olmaması ilə bağlı təhsil eksperti Elçin Əfəndi öz fikirlərini Yenicag.az-la bölüşüb.

Ekspert vurğulayıb ki, sözügedən proqramın Azərbaycanda da tətbiqi vacibdir:

“Çünki pandemiya dövründə valideynlər maddi cəhətdən çox əziyyət çəkib. Xüsusilə də məktəbli övladı olan valideynlər internet təminatı, informasiya texnologiyaları avadanlıqlarının əldə olunması ilə bağlı müəyyən qədər maddi xərc çəkiblər. Bu baxımdan növbəti tədris ilinin başlanğıcında valideynlərə müvafiq qaydada yardım edilməlidir ki, övladının normal səviyyədə təhsil almasına şərait yarada bilsin. Əslində valideynlərin dəstək olunmasına mane olan səbəb də yoxdur. Əksinə pandemiya dövründə sosial çətinliyi olan ailələrə dövlət tərəfindən yardımlar edilib. Hazırda bu yardım sırf məktəbli valideynlərinə edilə bilər”.

Gülşən Şərif