Pandemiyalı yay, cib yandıran QİYMƏTLƏR – Tanınmışlar harada dincəlir? – SORĞU/ FOTO

Bir çox məşhurlar yay tətilinə start versələr də, bəziləri hələ seçim edir. Təbii ki, yaxşı dincəlmək üçün maddi durum da çox önəmlidir.

Yenicag.az-ın “Pandemiyalı yayda görək tanınmışlarımız harada istirahət etməyi planlaşdırıb?” sualına aldığımız cavabları təqdim edirik:

Əməkdar artist, aktyor Rəhman Rəhmanov:

“Hazırda həyat yoldaşımla Qubada sanatoriyada dincəlirəm. Bir verilişdə ekspert olduğuma və səhhətimdə problemlərə görə bir qəpiksiz göndərdilər. Masallıda da dincələcəm. Sonra imkan olsa, avqust ayında ailəvi dostlarımın dəvəti ilə Naxçıvan, Qax, Balakən, Xaçmaz, Nabran, Oğuz, Şəkidə də istirahət edəcəm. Sentyabrın 1-nə qədər dincələcəm, sonra teatr mövsümünə başlayarıq.


Rövşanə Ağasəfqızı, aparıcı:

“Yayı, yəqin ki, bağda olacam. Eyni zamanda, bir neçə bölgəyə – Qax, Şamaxıya səfərim var. Türkiyəyə də getməyi düşünürdüm. Amma çox baha olduğu üçün hələ bilet almamışam. İstanbul və Türkiyənin istirahət bölgələrinə biletlər büdcəyə uyğun deyil, ümumiyyətlə, bahadır. Əvvəlki illərdə artım çoxdur. İmkan olsa, gedəcəm.

Əməkdar artist, aktrisa, Nahidə Orucova:

“Yəqin ki, Azərbaycndan kənara çıxmayacam. Çünki pandemiya ilə əlaqədar bilinmir, hansı yol açıqdır, hansı bağlı. Vəziyyətlə əlaqədar, yəqin, ki, bölgələrə gedəcəm. Pula gəlincə, ilyarımdan artıqdır ki, heç olmasa, maaş alırıq, sağ olsun hökumətimizi, işləməyə-işləməyə məvacibimizi alırıq. Əlbəttə, adam istəyərdi ki, yaxşı, səmərəli dincəlsin”.

Samirə Yusifqızı, meyxanaçı-müğənni:

“Çox gülməli sualdır, çoxdandır ki, belə gülməmişdim. Onsuz da ilyarımdır ki, heç yerə getmirik, oturmuşuq evdə, korona bizi hər barədə dincəldir. Həm cibimizə pul gəlmir, həm də ailəmiz əziyyət çəkir. İndi də işləmək məqamıdır. Heç dincəlmək fikrində də deyiləm. İstirahət onda olur ki, cüzdanın dolu olur, ürəyin istəyən qohum-əqrəbanı, əzizini yanına alıb gedirsən dincəlməyə. Kefin kök, damağın da çağ. İndiki vəziyyətdə dincəlmək ancaq ailəyə pul gətirməkdir”.


Firuzə Cəlilova, aparıcı:

“Son zamanlar işlə bağlı tez-tez səyahətdə olduğum üçün bu il xüsusi olaraq istirahətə getməyəcəm. Çünki yayın sonuna kimi hələ üç xarici ölkəyə səfərim var, həm ziyarət, həm ticarət deyə düşünürəm. Bu arada, hazırda ən yaxşı istirahət məkanı Qarabağ olduğunu düşünürəm. Odur ki, səbirsizliklə Qarabağa növbəti səfərimə icazə verilməsini gözləyirəm”.

Cəvahir