Pandemiyanın boşaltdığı ciblər, bahalaşan biletlər – Tanınmışlar harada dincələcəklər? – SORĞU

Yorğunluğu canından çıxarmaq üçün yay fəsli həm də əla fürsətdir. Hər kəs büdcəsinə uyğun istirahət məkanlarına yollanaraq yorğunluğunu çıxarmağa çalışır. Görək tanınmışlarımız necə və harada- Azərbaycanda, yoxsa xarici ölkələrdə dincəlməyi planlaşdırır? Maddi durumları onların istədiyi kimi istirahət etməsinə imkan verirmi?

Yenicag.az-ın sorğusunu təqdim edirik:Aktrisa, Xalq artisti Xalidə Quliyeva:

“Oğlumla nəvəm Avropada, Praqada yaşayırlar. Onların yanına getməyi planlaşdırmışıq. İki ildir ki onların yanına gedə bilməmişəm. Çox darıxıram. Bu il mütləq gedəcəm, həm də istirahət edəcəm. Büdcəyə gəlincə, iki ildə xırda-xuruş yığmışıq, yəqin ki, yol xərcimizi ödəyər. Vizanı gözləyirik. Görək icazə verəcəklərmi? Çünki qızım, nəvəm, həyat yoldaşım – külfət bir yerdə getməyi planlamışıq. Bizdə həmişə belə olub, ailəmsiz istirahət etməmişəm. Alınmasa, Şamaxının Mədrəsə kəndində evimiz var, orada dincələcəyik”.

Xanəndə, Xalq artisti Nəzakət Teymurova:

“Muğam müsabiqəsinin münsif kürsüsündə təmsil olunuram. Bu müsabiqə iyulun sonuna qədər davam etdiyi üçün istirahət barədə hələlik heç bir planım yoxdur”.

Aktrisa, Əməkdar artist Dilarə Əliyeva:

“Bu yay Şəkidə, Marxalda dincəlməyi nəzərdə tutmuşam, ölkə xaricinə getmək planımda yoxdur”.

Xanəndə, Əməkdar artist İlkin Əhmədov:

“Bu yay dincəlmək planım yoxdur, çünki gərgin iş rejimim buna imkan vermir. Bir-iki gün bölgələrə gedə bilərəm, amma, ümumilikdə, istirahət şansım yoxdur”.

Aparıcı Rövşanə Ağasəfqızı:

“Bu yay istirahət üçün heç vaxtım yoxdur. Üstəgəl, biletlər çox bahadır. Qızımla birgə bir həftəlik istirahət məkanlarının birinə getməyim 6-7 min, bəlkə də, daha çox məbləğ tələb edir. Həm bahalıq səbəbindən, həm də işlərimin çoxluğundan bu yay istirahəti düşünmürəm”.

Müğənni Sevinc Musayeva:

“Yox, nə istirahət? Bəlkə, dənizə getdim. Xaric mənlik deyil. Yox yerdən ruzi qapım açılar, gedərəm. Bu yay da alınmadı”.

Aktyor, Əməkdar artist Rəhman Rəhmanov:

“Həmişə Azərbaycanda istirahət edirəm. Büdcəm imkan versə də, verməsə də, mütləq bölgələrimizə gedib orada dincəlirəm. Sərhədlər açılsa, bəlkə, bir həftə Gürcüstana – Barjomiyə getmək istəyim var. Bir dostum dəvət edib. Qax, Qəbələ, Balakəndə də yaxşı dostlarım var, oralara da gedəcəm. Xalqım məni çox istəyir, həmişə mənə hörmət edirlər, getdiyim yerlərdə özümü evimdə olduğu kimi hiss edirəm. Əsil istirahət də elə budur ki, insanların qayğı və sevgisini görürsən. Özünü qərib hiss etmirsən. Teatrdan məzuniyyətə çıxıb o müddət ərzində ailəmlə bərabər bölgələrimizə üz tutacam”.

Aktrisa Zülfiyyə Nəzər Məmmədova:

“Yəqin ki, bu yay dincəlmək mənə qismət olmayacaq. İyulun sonuna qədər teatrdayıq. Bundan əlavə, layihələrimiz var, onların hazırlıqları ilə məşğul olacağıq. Hansı ölkədə dincəlmək arzuma gəlincə, çox istərdim ki, Sankt-Peterburqa gəzməyə gedim. Rusiyanı yay vaxtı görmək arzusundayam”.

Aktyor Elməddin Cəfərov:

“Bu yay xaricdə dincəlməyə pul yoxdur. Gəncədə ata evimdə olacam, bir də elə Bakıda. Pandemiyanın fəsadları qurtarsın, filmlərin çəkilişi bərpa olunsun, ola bilər, gələcək illərdə xarici ölkələrdə istirahət imkanım olsun. Amma bu il Türkiyə-zad alınmır”.

Aparıcı Mikayıl Güləddinoğlu:

“Avqustda məzuniyyətə çıxacam. Həmin dönəmdə ailəm və uşaqlarımla birgə Azərbaycanın bölgələrinin birinə üz tutacam”.

Cəvahir