Pandemiyanın çökdürdüyü TURİZMin aqibəti – Çıxış yolu ilə bağlı deputatdan TƏKLİF

“Post-pandemiya dövründə turizm sektorunda yenidən canlanmanın olacağı gözlənilir”.

Yenicag.az xəbər verir ki, bunu bu həftədən etibarən Azərbaycanın Türkiyə və Rusiya vətəndaşları üçün hava əlaqəsini bərpa etməsinə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov deyib.

Deputata görə, turizm mövsümünün başladığını nəzərə alaraq, mərhələli şəkildə gəlmə turizmdə xüsusi payı olan ölkələr ilə analoji yumşalmalara gedilməsi məqsədəuyğun olardı:

“Pandemiyadan əvvəlki ildə Azərbaycana gələn 3 milyon 170 min turistin 29,4%-i Rusiya, 22,9%-i Gürcüstan, 10%-i Türkiyə, 8,1%-i İran, 3,4%-i Səudiyyə Ərəbistanı, 2,2%-i Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları idi. Bu baxımdan gəlmə turizmdə xüsusi paya malik ölkələrdəki epidemioloji vəziyyətə uyğun olaraq mərhələli şəkildə həmin ölkə vətəndaşlarının da Azərbaycana səfər qaydalarının yumşaldılması ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımdan da vacibdir.

Turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektordur. 2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2.7 milyard dollardan çox olub. Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də turizm sektorundakı açılımlar həmçinin məşğulluğun təmin edilməsi baxımdan da vacib hesab olunur. Bu baxımdan virus sayını lokallaşdıra bilən ölkələr ilə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsədəuyğundur və bu real sektordakı canlanmaya xüsusi təkan verə bilər”.

Gülşən Şərif