Pandemiyanın dəhşətli fəsadı: Uşaqlar danışa bilmir …. – Tanınmış psixoloqdan çıxış yolları

Uşaq körpə fidan kimidir. Onlara diqqət və sevginin çox verilməsi inkişaflarına müsbət yöndə çox təsir edir. Amma bəzən bizdən asılı olmayan səbəblərdən övladımızın inkişafında müəyyən problemlər ortaya çıxır. Pandemiya belə uşaqların inkişafına böyük bir əngəl yaradıb. Nədə? Onların nitqində…

Yenicag.az-a açıqlama verən tanınmış psixoloq Aidə Sübhan bu barədə həyəcan təbili çalır.

O, bildirib ki, son günlər “Müasir Psixologiya Mərkəzi”nə müraciət edən valideynlərin çoxu eyni problemlə gəlirlər: uşaqları danışmır.

“Bu, daha çox 2 və 3 yaşlı uşaqlarda müşahidə olunur. Nitqin gecikməsi çox ciddi məsələdir. Və mən bir həkim kimi bu uşaqların anamnezinin toplanması və psixoloji sorğusu zamanı gördüm ki, bu, daha çox pandemiya dönəmində doğulan və erkən uşaqlıq dövrünü qapalı keçirən körpələrdə rast gəlinir. Həmin uşaqların qapalı böyüməsi və insanlarla çox az ünsiyyəti bu cür problemə gətirib çıxarıb. Ona görə də valideynlərə bir SOS siqnalı vermək istəyirəm. Əgər uşaqları bu yaş dönəmindədirsə, nitq və emosional ünsiyyət mərhələsini nəzarətdə saxlasınlar. Bu cür azyaşlıların sosiallaşması onların nitq geriliyinin aradan qalxmasında ən əsas amildir. Yəni övladında bu cür problemi görən valideyn arxayın oturmamalıdır. Övladına daha çox diqqət ayırmalı, onu bağçaya qoymalı, bütün günü onun ünsiyyət qurmasına şərait yaratmalıdır.