Pandemiyanın “öldürdüyü” avtomobil bazarı nə vaxt “diriləcək”? – EKSPERT AÇIQLADI

“Maşın bazarında fəallıq hiss olunsa da, əhalinin alıcılıq qabiliyyəti yüksək səviyyədə deyil”.

Bunu Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı pandemiyadan sonra avtomobil bazarındakı vəziyyəti şərh edərkən deyib.

O, müharibədən sonra və eyni zamanda pandemiyanın səngidiyi dövrdə maşın bazarında fəallığın hiss olunduğunu bildirib:

“Maşın bazarında fəallıq hiss olunsa da, əhalinin alıcılıq qabiliyyəti yüksək səviyyədə deyil. Yəni, demək olmaz ki, insanlar kütləvi şəkildə maşın alır”.

Ekspert vurğulayıb ki, maşın bazarında aktivliyin əvvəlki halına qayıtması üçün altı ay vaxt lazımdır:

“Pandemiya bitəndən sonra altı ay keçməlidir ki, insanlar sərbəst həyatlarına qayıdandan sonra bazarın fəaliyyəti arzu olunan səviyyədə olsun. Bu gün ikinci əl avtomobillər daha çox alınıb-satılır. Xüsusilə, Çin istehsalı olan avtomobillərə üstünlük verilir. Taksi fəailiyyəti üçün yararlı olan bir sıra maddələr var ki, onlara tələbat böyükdür. Buna da səbəb taksiyə tələbatın artmasıdır. İnsanlar artıq konfortlu, rahat avtomobillər seçir. Taksi sürucüləri də məcburən avtomobillərini yeniləyirlər ki, müştəri qazana bilsinlər”.

Ekspertin sözlərinə görə, maşın bazarının dirçəlişi üçün dövlət tərəfindən də addımlar atılmalıdır:

“Dövlət tərəfindən güzəştlər olunmalıdır. Biz dəfələrlə bunu təklif etmişik. Gömrük rüsumları, əlavə dəyər və və aksis vergisi 2017- ci ildəki kimi olsun. Müəyyən güzəştlər olsa, avtomobil parkımız yenilənər, eləcə də maşın bazarında böyük dirçəliş dövrü başlayar”.

Məsimə

COP29