Pandemiyanın önünü kəsdiyi TƏBİİ ARTIM: “Ailələr artıq bir və ya iki uşaqla kifayətlənirlər, bu isə…” – SOSİOLOQ

“Təəssüf ki, nikahı olsa da, toy etməyən cütlüklər cəmiyyətdə ailəli hesab olunmur”.

Bakı Araşdırmalar İnstitutunun (BAİ) məlumatına görə, Azərbaycanda əhalinin təbii artımı azalır. Ölkəmizdə son 30 ildə hər 1000 nəfərə düşən doğum göstəricisi 2 dəfə azalıb, ölüm sayı isə 24,6 faiz artıb. Bu fonda təbii artım təxminən 4 dəfə azalıb.

Əhalinin təbii artımına təsir edən amillərlə bağlı “Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı öz fikirlərini Yenicag.az-la bölüşüb.

Lalə Mehralı bildirib ki, təbii artımın azalmasına təsir edən başlıca səbəb sosial problemlərlə bağlıdır:

“Pandemiya dövrü də statistik göstəricilərin azalan şkala üzrə davam etməsinə yol açır. Ümumilikdə son 30 ilin göstəricilərinə əsasən, təbii artımın azalmasına ailələrin çoxuşaqlılıq prinsipindən uzaqlaşması ciddi təsir göstərir.

Mövcud dövrdə üç övladın olduğu ailə çoxuşaqlı hesab olunur. Halbuki qanunla ailədə 6 uşağın olması çoxuşaqlılıq sayılır. Əksər ailələr artıq bir və ya iki uşaqla kifayətlənirlər. Bu isə əlbəttə ki, uşağın gələcəkdəki xərcləri və sosial problemlərlə əlaqəlidir.

Əslində, bu yanaşmanı düzgün hesab etmirəm. Çünki sosial təminatı zəif olan ailələr çoxuşaqlılığa daha çox meyllidir. Fikrimcə, təbii artımın azalmasının əsas səbəblərindən biri qadınların işləməyə daha çox üstünlük verməsidir. Qadın ailə qurur və bir övlad dünya gətirdikdən sonra öz karyerasını davam etdirmək, təhsilə həsr etdiyi illərin əvəzini öz karyerasını qurmaqla çıxmaq istəyir. Bu, normal yanaşmadır.

Lakin bu istək fonunda təbii artımın azalması düşündürücü məsələdir. Ona görə də qadınların karyerası və təbii artım məsələsi düzgün təşkil edilməlidir. Əsas problemlərdən biri də bağça və dayələrlə bağlıdır. Valideynlər ya bağçada yer tapa bilmirlər, ya da dayə üçün ayrıca vəsait ayırmağa imkanları çatmır. Bəzən də ana öz uşağını başqasına etibar edə bilmir”.

Artıq 1 ildən çoxdur ki, ölkədə hökm sürən pandemiya şəraitinin gələcəkdə əhalinin təbii artımına mümkün təsirlərinə də toxunan sosioloqun sözlərinə görə, karantin rejiminin fəsadları gələcəkdə özünü qabarıq büruzə verəcək:

“Pandemiya dövründə toy mərasimlərinin təşkilinə icazə verilməməsi yeni ailələrin qurulmasının qarşısını alır. Bu, təbii artıma ciddi şəkildə təsir edir. Təəssüf ki, nikahı olsa da, toy etməyən cütlüklər cəmiyyətdə ailəli hesab olunmur. Bunun əksinə, nikahı olmasa da, 200-300 nəfərin iştirakı ilə keçirilən toy sayəsində cütlüklər evli sayılır. Bunun məntiqini anlamaq çox çətindir”.

Gülşən Şərif

COP29