Papanın Ərəbistan səfəri başa çatdı

Roma Papası Fransiskin Ərəbistan yarımadasına tarixi səfəri Əbu-Dabidəki “Zayed” stadionunda ibadətlə başa çatıb. Stadiona təqribən 180 min dindar toplaşıb. İbadətdə iştirak etmək üçün onların çoxu gecə saat 01.00-dan növbə tutub.

Yenicag.az xəbər verir ki, öz moizəsində dindarlara məhəbbət və sülh mesajı göndərən Papa Fransisk onları mötədil olmağa çağırıb. O deyib: “Tanrı bizdən möhtəşəm layihələr yaratmağı və ya geniş jestlərlə diqqəti özümüzə cəlb etməyi istəməyib. O, bizdən yalnız hər birimizin yarada biləcəyi bir əsər istəyib, o da bizim həyatımızdır”.

Dini lider qeyd edib ki, “İsa Məsih dünyaya Tanrının məhəbbətini bəxş edib. Bunun sayəsində ölüm, günah, qorxu və mənəviyyatsızlıq üzərində qələbə çalıb. Buna yalnız ilahi sevginin qüdrəti ilə nail olub”.

İbadətin sonunda Papa Fransisk səfəri təşkil etdiyinə görə BƏƏ rəhbərliyinə təşəkkür edib, ibadətə toplaşanların alqış sədaları altında stadionu tərk edib./AZƏRTAC/

COP29