Paralimpiyaçı, oymaçı-rəssam: “İntihar edənlər aciz insanlardır” – Fotolar

Asif Qasımov əslən gürcüstanlıdır. Amma buna baxmayaraq, Azərbaycana daha çox bağlıdır, hətta hər kəlməsində “doğma vətənim Azərbaycanım”, deyir. O, 2014-cü ildən oymaçı- rəssam kimi çalışır. Əlil arabasına sonradan məhkum olsa da, onun həyat eşqi bitib-tükənmək bilmir. Əl işləri isə başqa bir dünya, sözlə ifadə olunmayacaq dərəcədə qeyri-adi əsərlərdir. Oymaçı rəssamımız həm də paralimpiyaçıdır…

Asif Qasımovun Yeniçağ.az-a müsahibəsini təqdim edirik:

– Neçə ildir əl işləri ilə məşğulsunuz?

– Artıq dördüncü ildir.

– Necə oldu ki, sizdə bu sənətə maraq oyandı?

– İlk olaraq 2014-cü ildə Ramanada yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin rəssamlıq kursunda və paralel olaraq oymaçı peşəsi üzrə təhsil aldım. Sertifikatımı aldıqdan sonra isə peşə üzrə davamlı şəkildə məşğul olmağa başladım.

– Yalnız sifarişlə əl işi görürsünüz, yoxsa?

– Yox, özüm də əl işlərimi hazırlayıb satıram, sifarişlərim də olur. Real qiymət qoyub sata bilirəm.

– Ən bahalı əl işinizi neçəyə satmısınız?

– 550 manata. O da yağlı boya ilə böyük tabloda işlədiyim rəsm əsəri olub. (Əli ilə göstərir) ən ucuzu da gördüyünüz bu ürək üzərindəki hərflərdir. Onun da qiyməti 4- 10 manat arası dəyişir.

– İştirak etdiyiniz satış sərgilərdə ən çox nə qədər qazanmısız?

– Qazancımı deməzdim, xərcim çox çıxıb. Amma pis deyil. Gün olub ki, ən azı 10-15, ən çoxu 250 manat qazancım olub. Elə gün də olub ki, heç bir qəpik də xeyrim olmayıb (gülümsəyir).

– İstifadə etdiyiniz taxtanın materialı nədir?

– Materiallar təmiz qoz, innab, şabalıd, naringi, şümşad və cökə ağaclarıdır. Onları çox vaxt Hindistandan, Rusiya, İran və Gürcüstandan gətizdirirəm. Elə olur ki, Azərbaycandan da alıram.

– Əl işlərinizi hansı tanınmışlara satmısınız və ya sifariş ediblər?

– Tanınmışlardan müğənni faytonçu Nazim işlərimdən birini bəyənmişdi, almaq istəyəndə ona hədiyyə etdim. Əl işlərimdən hazırda SOCAR prezidenti Rövnəq Abdullayevin iş otağında var, ona da hədiyyə ediblər. Qarabağ idman klubunun kapitanına da mənim düzəltdiyim əşyadan bağışlayıblar. İki il bundan əvvəl Türkiyəyə gedən azərbaycanlı əlillər mənim işlərimi aparıb, oradakı xəstəxanada əlil insanlara hədiyyə etmişdilər. Əsərlərimi Yunanıstanda, Moskvada və Ukraynanın bir-iki otellərində görmüşəm. Çoxdur, yadımda qalmır…

– Əlil arabası ilə “dostluğunuz” nə vaxtdan başlayıb?

– 2011-ci ildə yıxıldım, belim daşın üstünə düşdü deyə, onurğa sütunum dağıldı. Artıq may ayının 18-də əlil arabasına məhkum olmağımın 6 ilidir. Ümid axırda ölür. Mənim hələ də ümidim var, Allah nəsib etsə yeriyəcəm.

– Yerimək üçün cəhd etmisiniz?

– Hələ də cəhd edirəm. Təəssüflər ki, hələlik alınmır. Məşqlərimdən geri qalmıram, idmanla məşğul oluram. Həm də avarçəkmə üzrə Azərbaycan Milli Paralimpiya üzə idmançıyam. May ayının 14-də Polşada Dünya çempionatlığı keçiriləcək, biz də Azərbaycanımızı təmsil edəcəyik.

– Bu peşədən öncə hansı sahədə çalışmısınız?

– Lap əvvəllər Gürcüstanın Marneuli rayonunda polis, vergi işçisi işləmişəm. Daha sonra uzun müddət daş karxanasında, işıq idarəsində və s. yerlərdə çalışdım. Sonda öz doğma vətənim Azərbaycanıma qayıtdım. Axırım da belə (doluxsunur). Gördüyünüz kimi indi də rəssamlıq və oymaçılıqla məşğulam.

– Artıq 7 ilə yaxındır ki, yeriməkdən məhrum olmusan. Heç olubmu ki, oturaq həyatdan bezəsiniz?

– İnsanı yaşadığı mühit bezdirir. Vaxt olub ki, həyatdan yorulmuşam. Yalnız ailəmi və iki övladlarımı gözümün önünə gətirib, onların xətrinə yaşamağa davam etmişəm. Övladlarım mənə stimul verir və irəliyə doğru gedirəm.

– Bilirsiniz də yəqin ki, artıq intiharlar adi hal alıb. İntihar edənlərə münasibətiniz necədir?

– Ümumiyyətlə, əlil arabasında olanlara hər zaman deyirəm ki, “pozitiv olun”. İntihar edənlər aciz insanlardır. Mənim özümdə də elə hiss olub, amma sonradan bir balaca dərinlikləri fikirləşəndə, o, hiss ötüb keçir. İntihar son deyil ki, o yola əl atırlar. Müsbət qarşılamıram. Həyat mübarizədir.

Gülnarə Eynullaqızı
Yeniçağ.az
Fotolar: Cəmalə Əlizadə