Parıltısını itirən “Almaz”, ağzına su alan teatrşünaslar, naftalin iyi verən repertuar – ARAŞDIRMA

Bəzən hansısa aktyor və ya rejissora deyəndə ki, vallah-billah teatrın əvvəlki şöhrətini indi qaytarmaq mümkün deyil, az qala səni topa tuturlar. O dəqiqə başlayırlar tamaşaçını qınamağa ki, indiki tamaşaçılar əvvəlkilər kimi deyil. Tamam, bu fikirlə müəyyən mənada razılaşmaq olar. Amma siz də etiraf edin ki, əvvəlki tamaşalar da indi yoxdu axı. Yalandan nə vaxta qədər premyeralarda dost-tanışı dəvətnamə ilə gətirib, zalı doldurmaq və sonra da yalançı anşlaqlarla öyünmək olar?

Çağdaş teatrın repertuar dərdi…

Çağdaş teatrın problemləri o qədərdir ki, heç bilmirsən hardan başlayıb, harda nöqtəni qoyasan. Elə ana teatr “Azdrama”dan danışaq. Son illər teatrın repertuarında çağdaş teatr adına bir dənə də olsun əsər tamaşaya qoyulmayıb. Buna görə də məcburdurlar ki, klassikaya müraciət eləsinlər. Axı müasir teatr da formalaşmalıdır. Əlbəttə, klassikanın əleyhinə deyilik, bu, dünya təcrübəsində də istifadə olunan üsuldur. Amma klassikanı da elə təqdim etmək lazımdır ki, günümüzlə səsləşsin. Tamaşaçı öz dərdini-sərini o səhnədə görə bilsin. “Azdrama” əvvəlcə Cəlil Məmmədquluzadənin “Ölülər”ini səhnələşdirdi, ardınca da Cəfər Cabbarlının “Almaz”ını. Gözəl! Amma nə birinci tamaşa barədə teatrşünas rəyi eşidildi, nə də ikinci. Sanki teatrşünaslarımız ağızlarına su alıb oturublar. Etiraf edək ki, bü gün teatrımızda Cəfər Cəfərov, Mehdi Məmmədov, Yaşar Qarayev kimi teatrşünasların sözünə çox ehtiyac var. Hansı ki, vaxtilə Cəfər Cəfərovun bir kəlmə sözü ilə tamaşanın taleyi həll olunurdu.

Əvvəlki hökmündən əsər-əlamət olmayan “Almaz”…

Cəfər Cabbarlının “Almaz” əsəri bu dəfə Azərpaşa Nemətovun quruluşunda təqdim olundu.
Xatırladaq ki, C. Cabbarlının 1930-cu illər dram yaradıcılığı “Almaz” pyesi ilə başlayır. Əsərin ilk tamaşası 1931-ci il aprelin 13-də göstərilib. Tamaşa 1968-ci ilə qədər repertuarda olub. O zaman Almaz rolunda xalq artisti Leyla Bədirbəyli çıxış edib.

Azərpaşa Nemətovun quruluş verdiyi “Almaz”a gəlincə, ikihissəli dramın yeni səhnə həllinin müəllifi əməkdar incəsənət xadimi Əli Əmirli, elmi məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Cəfərovdur.

Tamaşada Almaz rolunda əməkdar artist Məsmə Aslanqızı çıxış edib. Digər rolları xalq artistləri Nurəddin Mehdixanlı (Hacı Əhməd), Rafiq Əzimov (Mirzə Səməndər), Hacı İsmayılov (Aftil), Firəngiz Mütəllimova (Kərbəlayı Fatmansa), əməkdar artistlər Sabir Məmmədov (Şərif), Kazım Abdullayev (İbad), Aslan Şirin (Barat), Əli Nur (Baloğlan), Əjdər Həmidov (Balarza), Ayşad Məmmədov (Ocaqqulu), Elşən Cəbrayılov (Fuad), aktyorlar Rada Nəsibova (Yaxşı) və Mətləb Abdullayev (Sədr) çıxış edir.

Düzdür, əvvəlki tamaşaları görmək bizə qismət olmasa da, orta məktəb dərsliyindən tanıdığım o hökmlü, bir sözü ilə kəndin kişilərini sıraya düzən Almazdan əsər-əlamət görmədim. Məsmə Aslanqızı, yəni Almaz Hacı Əhmədin, yəni Nurəddin Mehdixanlının cüssəli fakturası qarşısında çox aciz görünürdü. Elə ilk səhnədəcə Almaz uşaqlıq xəyallarımı alt-üst elədi. Bunu rejissorun günahı kimi qələmə versəm daha haqlı olaram məncə… Belə də ki, aktrisanın nə günahı? Hə, incə bir detalı unutmuşdum. Məsmə Aslanqızı həm də Azərpaşa Nemətovun sevimli tələbəsidir. Bir rola görə tələbəsinin xətrinə dəyməyəcəkdi ki? O biri aktrisaların xətrinə dəysə də olar. Yəqin nə demək istədiyimi də anladınız.

“Məni məcbur etməyin ki…”

Maraqlıdır, tamaşaçılar “Almaz”ı bəyəndimi? Gəlin, onların öz dilindən eşidək.

Xalq artisti Ramiz Məlik illər öncə “Almaz” əsərinə baxdığını xatırladı:

“Mən o vaxt “Almaz” əsərini görmüşəm, elə özüm də orda rol almışdım. Möhtəşəm bir tamaşa idi. Azərpaşa Nemətovun quruluşuna gəlincə, aktyorların oyunu xoşuma gəldi. Məni məcbur etməyin… Onsuz da o dövrkü “Almaz”la indiki “Almaz”ı müqayisə etməyəcəm”.

“Düzünü o deyəcək…”

Əməkdar artist Mehriban Xanlarovanın sözü qısa və konkret oldu: “Əgər tamaşaçı bəyənirsə, demək ki, yaxşı tamaşadır. Yox əgər bəyənmirsə, onu məcbur eləmək olmaz ki, gəl bax. Xahiş edirəm, gedin sıravi tamaşaçıdan soruşun. Düzünü o deyəcək”.

“Tamaşada ən zəif obraz elə Almaz idi”

Jurnalist-publisist və şair Qurban Yaquboğlu bir tamaşaçı olaraq xəyal qırıqlığına uğrayanlardandır:

“Almaz” tamaşasında iki məqam diqqətimi cəlb elədi: “Birincisi, Almaz rolunda çıxış edən aktrisanın düzgün seçilməməsi. Aktrisa rola, obraza uyğun gəlməyən cisminin əyər-əksiyini ört-basdır eləmək xətrinə qışqırıqla sanki səhnədəki əhatəsinə yox, hardasa başqalarına xitab edirdi.

Tamaşada ən zəif obraz elə Almaz idi. Sanki rejissor bilərəkdən onu ikinci plana keçirmişdi. İkincisi, mövzunun günümüzlə uyğunlaşmaması… Tamaşanın ötürdüyü mesajlara gəlincə, fikrimcə bu mesajlar aktuallıq kəsb etməliydi, real məzmun daşımalıydı. İşıqla qaranlığın, cəhalətlə tərəqqinin mübarizəsi kimi mücərrəd məfhumlar bu konteksdə tam gücsüzdür. Bəzi dialoqlar da çox yorucu idi”.

Teatrşünas biganəliyi: “Özü bilər”

Teatrşünas Məryəm Əlizadə tamaşaya baxmadığını dedi: “Mən baxmamışam. Qaldı ki, tamaşa bu günlə səsləşir, ya yox, bu, rejissorun seçimidir, özü bilər, mən onun işinə müdaxilə edə bilmərəm. Mən çalışıram neqativi yox, pozitivi görəm”.

“Almaz”dansa, “Od gəlini”…

Yazıçı-dramaturq Firuz Mustafa rejissorun uğursuz seçimindən danışdı:

“Cəfər Cabbarlı əsərlərində bütün cəmiyyətlər üçün vacib olan məsələlərə toxunub. Onun elə əsərləri var ki, müasir dönəm üçün qismən köhnəlib. Amma buna baxmayaraq, “Od gəlini”, “Oqtay Eloğlu”, “Aydın” pyesləri bu günün reallığı ilə səsləşən əsərlərdir. Hesab edirəm ki, həmin əsərlərin qoyulması daha məqsədəuyğun olardı. Gənc müəllimin ucqar kəndə gəlməsi, savadsızlığın ləğvi o dövr üçün böyük problem idi. Amma indi bizim üçün bundan daha vacib problemlər var”.

Hansı teatrda böyük növbələr və anşlaq var?

Dramaturq söhbət əsnasında çağdaş teatrın repertuar məsələsinə də toxundu.

“Teatrda səhnələşdirilən əsərlərin çoxunda köhnəlik qoxusu hiss olunur, naftalin iyi verir. Yeniliklər gözə çarpmır. Bilmirəm niyə, əksər teatrlarımızda çeynənmiş əsərlər və mövzulara daha çox müraciət olunur. Bəzən rejissorlar deyirlər ki, yaxşı əsər tapmıram. Deyirəm, bizdə tapa bilmirsinizsə, dünya dramaturgiyasına müraciət edin, orda gözəl əsərlər yetərincədir. Bunlar sadəcə, bir bəhanədir”.

Dünya teatrları ilə milli teatrlarımızı müqayisə edən dramaturq problemin həlli yollarından da danışdı:

“Müyyən mənada, kəmiyyət də önəmlidir. Əhalisi bizdən üç dəfə az olan qonşu Gürcüstanda teatrların sayı üç dəfə bizdən çoxdur. Onlarda janrlar üzrə yeni teatrlar formalaşıb. Biz Avropa olmasa da, Şərq teatrlarından bəhrələnə bilərik. Bu gün rejissura problemi var. Baxın görün, bu gün hansı teatrımızda böyük növbələr və anşlaq var? Yeni rejissor nəsli formalaşmalıdır. Sovet vaxtı gənclər xarici ölkələrə göndərilirdi, qarşılıqlı mübadilə vardı. Yenə də bu ənənədən istifadə etmək lazımdır. Eləcə də sanballı teatrşünaslara ehtiyac var. Təəssüf ki, bu gün basmaqəlib fikirlərə daha çox yer verilir. Tamaşalarla bağlı ciddi təhlillər yazılmalıdır”.

Qatarı gedən“Almaz”

Əlbəttə, çağdaş teatrın problemlərini sadalamaqla bitib-tükənən deyil. “Almaz” tamaşasına baxış bucağı altında həm də teatrın repertuar probleminə toxunduq. Bəlli oldu ki, ana teatr başda olmaqla teatrlarımızda təqdim olunan repertuardan hələ də naftalin qoxusu gəlir. Qaldı ki, “Almaz”-a, Cəfər Cabbarlının gur-gur guruldayan Almazının səsi nə əvvəlki kimi “Azdrama” səhnəsini yerindən oynatmadı, nə də tamaşaçıların gözünü qamaşdırmadı. Çünki zaman o zaman deyil: “Almaz”ın qatarı çoxdan gedib…

 

Cəvahir Səlimqızı

Xüsusi olaraq, Yeniçağ.Az üçün