2024-cü il Paris Olimpiadasının dünya miqyasında ən çox müzakirə edilən idmançısı olan əlcəzairli boksçu İmane Xelif yenidən hadisələrin mərkəzinə çevrilib.
Yenicag.az xəbər verir ki, qadınlar arasında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan İmane Xelif 1/4 finalda macar boksçusu Luka Anna Hamori ilə qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib.
Hamorinin raundlar arasında məşqçisinin göstərişinə cavab olaraq “Mən qalib gələ bilmərəm, o, kişidir” dediyi video ortaya çıxıb və bu sözlər səs-küyə səbəb olub.
Parisdə keçirilən Olimpiadada italiyalı boksçu Angela Karininin əlcəzairli rəqibi İmane Xeliflə görüşdə 46-cı saniyədə görüşdən kənarlaşdırılması mübahisələrə səbəb olub. Karini daha əvvəl heç belə güclü yumruq almadığını və həyatını qorumaq üçün yarışdan çəkildiyini bildirib.
Sosial mediada Xelifin şəxsiyyəti ilə bağlı təsdiqlənməmiş iddialar idmançının hədəfə çevrilməsinə səbəb olub. Xeliflə bağlı mübahisə Beynəlxalq Boks Assosiasiyasının (IBA) ötən il verdiyi qərardan qaynaqlanır.
IBA keçən il keçirilən sınaq nəticəsində Xelifi Qadınlar arasında Dünya Çempionatından kənarlaşdırmaq qərarına gəlib. Bununla belə, olimpiadaları təşkil edən qurum olan Beynəlxalq Olimpiya Komitəsi (IOC) tərəfindən Xelifin yarışa biləcəyinə qərar verilib.
IOC orta çəki dərəcəsində olan Xelifin keçənilki turnirdən kənarlaşdırılmasına səbəb kimi testosteron hormonunun yüksək səviyyəsini göstərib.
IBA bu həftə yaydığı məlumatda bu boksçuların ötən il “yarışın ədalətliliyinə və bütövlüyünə” görə turnirdən kənarlaşdırıldığını bildirib. Bu idmançıların testosteron testinə məruz qalmadığı, lakin təfərrüatları gizli saxlanılan başqa bir testin tətbiq edildiyi iddia edilib. Bildirilib ki, bu sınaq nəticəsində idmançılar digər qadın rəqiblər üzərində üstünlük əldə edə biləcəkləri müəyyən edildikdən sonra yarışdan kənarlaşdırılıb.
İsmayıl Bakuvi