Paris terrorundan sonra Facebook-da yeni funksiya

117870_res_01Fransa paytaxtı Parisdə baş verən terror aktlarından sonra Facebook sosial şəbəkəsi “təhlükəsizliyin yoxlanması” funksiyasını işə salıb. Yeni funksiya istifadəçiyə təhlükəsiz yerdə olduğu və ziyan çəkmədiyi haqda xəbər göndərməyə imkan yaradır.

Sosial şəbəkənin yaradıcısı və baş direktoru Mark Suxerberq yeni funksiya ilə bağlı ictimaiyyətə açıqlamasında deyib: “Adamların çoxu haqlı olaraq soruşur ki, “təhlükəsizliyin yoxlanması” funksiyası niyə Beyrutdakı partlayışlardan sonra deyil, Parisdəki terror aktlarından sonra işə düşüb? Həmin funksiya yalnız təbii fəlakətlər üçün hazırlanmışdı, indi isə bu sistem başqa fəlakətlərə uyğunlaşdırılır. Bu məsələ ilə bağlı sualla müraciət edənlərin hamısına təşəkkür edirəm. Dünyada daha ağır münaqişələrin olduğunu deməkdə haqlısınız. Biz bütün insanların qayğısına eyni qaydada qalırıq və müxtəlif şəraitdə insanlara kömək etmək üçün mümkün olan işləri görəcəyik”.

Xatırladaq ki, noyabrın 12-də Livanın paytaxtı Beyrutun cənubunda iki kamikadzenin bədəninə bağladığı partlayıcı qurğuları işə salması nəticəsində güclü partlayışlar baş verib. 40-dan çox adam həlak olub, 180 nəfər yaralanıb.

Noyabrın 13-ü axşam isə Parisin bir neçə küçəsində ard-arda terror aktları törədilib. 130-dan çox adam həlak olub. 350 yaralıdan 42-nin vəziyyəti ağırdır(novator).