Parisin Cənubi Qafqaz “SEVGİSİ”: “Fransa sülh prosesinə dəstək yox, mane olmağa çalışır”

“Fransa Cənubi Qafqazda sülh prosesinə dəstəklə yox, onu ləngitməklə nəsə əldə etməyə çalışır”.

Bu fikri Fransanın Cənubi Qafqazdakı fəaliyyəti, Ermənistan üzərindən oyun və bunun səbəblərini dəyərləndirən politoloq Nəsimi Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Nəsimi Məmmədli bildirib ki, Fransa regionda itirdiyi nüfuzunu bərpa etmək istəyir:

“Fransa təkcə Cənubi Qafqazda deyil, eyni zamanda Afrikada və Asiyadakı mövqelərini itirir. Fransa bu gün Avropa İttifaqında əsas söz sahiblərindən biri olsa da, faktiki yeni dünya düzənində, indki münasibətlər sistemində BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olsa da, onun təsir gücü, əvvəlki geosiyasi imkanları xeyli dərəcədə ortadan qalxıb. Bu, Fransa dövlətində də böyük narahatlıq yaradır. Faktiki Afrikada sıxışdırılıb, Asiyada onun layihələri öz müttəfiqləri ABŞ və İngiltərə tərəfindən qarşısı alınıb.

Ukrayna Rusiya müharibəsindən sonra Rusiyanın tədricən zəifləməsi fonunda Cənubi Qafqazda yeni iddiaçıların çıxması xarakterizə edilir. Fransa son dövrlərə qədər postsovet məkanında öz təsir gücünü saxlayırdı. Şərqi Avropa ölkələrində, Cənubi Qafqazda Rusiyanın təhlükəsizlik maraqlarının uzlaşmasında Fransa xeyli dərəcədə rol almışdı. İndi o imkanlar aradan qalxıb.

Cənubi Qafqazda söz sahibi kimi çıxış edən dövlətlər arasında Türkiyə var, İran mövqelərini gücləndirmək üçün çabalar göstərir. Fransa çalışır ki, bu məkanda müəyyən rol alsın. Fransa bunu cəlbedici layihələrlə edə bilmir. Avropada İngiltərə enerji resuslarının Avropaya daşınması istiqamətində gerçəkləşdirməyə çalışırlar. Bu baxımdan Azərbaycanın mövqeyi daha qabarıq görünür.

Avropa dövlətlərindən Azərbaycana münasibət daha fərdidir. Fransa Cənubi Qafqazda sülh prosesinə dəstəklə yox, onu ləngitməklə nəsə əldə etməyə çalışır. ABŞ, Türkiyə, İngiltərə daha çox sülh prosesini dəstəkləməklə regionda nəsə əldə etmək istəyirlər. İran, Rusiya, Fransa daha çox münaqişənin davam etməsi ilə öz mövcudluqlarını qoruyub saxlamağa çalışırlar. Düşünrəm ki, bu proses çox davam etməyəcək. Faktiki olaraq, Azərbaycan problemi həll edib, beynəlxalq hüquq da onun tərəfindədir. Fransanın fəaliyyəti yalnız özünü Cənubi Qafqazdakı proseslərdən kənarda qoyacaq”.

Səxavət Məmməd