Parisin erməni siyasəti, yoxsa fransızsayağı HOBBİ: Fransa Ermənistanı niyə silahlandırır? – AÇIQLAMA
Bunu qəbul etməyən dövlətlərdən biri də Fransadır” “Fransa hökumətinin Azərbaycana münasibəti çox da müsbət deyil.
Hətta 1-2 dəfə Fransa Senatında Azərbaycana qarşı qərarlar verilib, Milli Məclis isə bununla əlaqədar bəyanatlar qəbul edib. Son dəfə isə Prezident İlham Əliyev bu məsələlərə münasibətini çox sərt şəkildə bildirib”.
Bu sözləri Yenicag.az-la söhbətində Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Deputat Fransanın Ermənistandakı səfiri Olivye Dekottininin Ermənistanla silah verilməsi ilə bağlı açıqlamasını şərh edib.
Xatırladaq ki, səfirin sözlərinə görə, Fransa bir çox ölkənin arzusunda olduğu ən müasir radarlardan biri olan GM-200 radarlarını Ermənistana verib. O, əlavə edib ki, Ermənistan bunun sayəsində hava məkanını müşahidə edə biləcək.
Bundan savayı, nüfuzlu “Politico” nəşri yazır ki, Ermənistana ixrac edilən 3 ədəd radarlardan birinin qiyməti 30 milyon avrodur və 350 kilometrədək məsafədə yerləşən obyektləri müəyyən edir.
Məsələyə münasibət bildirən V. Əhmədov isə xatırladıb ki, bu yaxınlarda Brüsseldə Paşinyan-Blinken-Leyen görüşü oldu, İrəvana müəyyən qədər maddi yardım verildi.
“Onsuz da Fransa həmişə erməniləri müdafiə edən bir dövlət olub ki, bu gün də Paris İrəvanın hamisi rolunda çıxış edir. Ermənistana müəyyən qədər silah-sursat vermələrinə gəldikdə isə anlaya bilmirəm ki, bu, siyasətdir, yoxsa fransızların özünəməxsus hobbiləri? Çünki Ermənistana verilən silahlar siyahısında Fransa axırıncı yerdədir. Ermənistana daha çox silah verən ölkələr Hindistan və Rusiyadır. Ona görə də kimin nə deməsindən asılı olmayaraq, fransızlar həmişə ermənilərin yanındadır”, – deyə o əlavə edib.
V.Əhmədovun sözlərinə görə, bütün bunlara baxmayaraq, Azərbaycan hər zaman Avropa ilə münasibətləri qoruyub saxlamağa çalışıb:
“Hətta Avropada qazla bağlı vəziyyət ağır olanda ölkə başçısı qərar qəbul etdi ki, qazı, əsasən, Avropaya çatdıraq, çünki Rusiya həmin ərəfələrdə oraya qaz vermirdi. Yəni Azərbaycan ən ağır vaxtlarda həmişə Avropaya kömək edib. Amma bunlar nəticədə belə mövqe tuturlar. Bunun da səbəbi odur ki, 44 günlük müharibəni çox dövlətlər qəbul edə bilmir ki, Azərbaycan necə öz torpaqlarını azad edib?
Bunu qəbul etməyən dövlətlərdən biri də Fransadır. Çünki orada ermənipərəst qüvvələr kifayət qədər çoxdur və erməni lobbisi güclüdür. Dövlət başçımız da bunun qarşılığında müstəqil və açıq siyasət aparır ki, bu da çoxunun xoşuna gəlmir. Hamı istəyir ki, Azərbaycanı əsarəti altında saxlasın, lakin bu da mümkün olan bir şey deyil”.
Rafi Müslümov