!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parisin Yaxın Şərq hədəfi: “Fransa ABŞ-dan yarım əsr əvvəl o bölgəyə daxil olub” – Politoloq

!Reklam – Yazi

“Birinci Dünya Müharibəsindən sonra Yaxın Şərqdə yeni düzənin müəlliflərindən biri məhz Fransadır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Fransanın Suriya nizamlanmasında birbaşa iştirakının mümkünlüyü və ümumiyyətlə, Parisin Yaxın Şərq proseslərində rolunu artırması imkanlarını şərh edən politoloq Vüqar Zifəroğlu deyib.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian ötən gün yerli telekanala müsahibəsində Suriyada yaranmış vəziyyəti dəyərləndirib və ölkəsinin böhranın nizamlanmasına dair mövqeyini açıqlayıb.

Nazirin sözlərinə görə, hazırda Suriyanın İdlib bölgəsində olduqca mürəkkəb vəziyyət yaranıb və Əsəd rejiminin orada yenidən kimyəvi silaha əl atması istisna deyil. Le Drian daha sonra Rusiyanın adını çəkərək, sərt ifadələrə əl atıb:

“Əsəd rejimi müharibədə qalib gəlsə də, sülhə nail ola bilməyib. Bu fikirləri Əsədi dəstəkləyənlər, xüsusilə Rusiya haqqında da deyirəm. Əsədin kimyəvi silahdan istifadə ehtimalı yüksəkdir. Əgər belə bir hal baş verərsə, o halda Fransanın mövqeyi əvvəlki ilə eyni olacaq. İdlibdəki vəziyyət siyasi vasitələrlə öz həllini tapmalıdır”.

“Astana üçlüyü” – Rusiya, Türkiyə və İranın İdlib problemini həll etmələrini gözlədiklərini deyən Le Drian həmin bölgədə vəziyyətin normallaşdırılması üçün Moskva və Ankara ilə birgə yollar axtarıldığını vurğulayıb:

“Suriyada Rusiya və Türkiyənin etibarına zərbə vuracaq humanitar faciədən qaçmaq lazımdır. Rusiya və Türkiyə ilə birlikdə çıxış yolları axtarırıq”.

Nazir həmçinin ABŞ-ın Suriyadan çıxmadığını, bu ölkənin şimal-qərbində öz mövcudluğunu davam etdirdiyini söyləyib.

Fransa xarici işlər nazirinin Rusiya, Türkiyə və İran prezidentlərinin sentyabrın 7-nə nəzərdə tutulan görüşü ərəfəsində Suriya məsələsini geniş şəkildə diqqət mərkəzinə gətirməsi Parisin regionda cərəyan edən proseslərdə fəal iştirak niyyəti kimi qiymətləndirilir. Suriya ətrafında və Yaxın Şərqdə yaranmış mürəkkəb vəziyyətdə Parisin bu iddiasını təmin etmək imkanları heç də yüksək görünmür.

Bu barədə Yenicag.az-a danışan politoloq Vüqar Zifəroğlunun fikrincə, Fransanın bölgə üzərində tarixi nüfuzunu yenidən bərqərar etməsi çox mübahisəli məsələdir:
“Əslində, Fransa xarici işlər nazirinin Suriya ilə bağlı mövqe ifadəsinin Rusiya, Türkiyə və İran prezidentlərinin növbəti görüşü ərəfəsinə təsadüf etməsi başadüşüləndir. Bildiyiniz kimi, rəsmi açıqlamaya əsasən, üç ölkə prezidentinin İranda baş tutacaq görüşündə əsas müzakirə mövzusu Suriyadakı vəziyyət olacaq. O baxımdan, Yaxın Şərqdə özünə görə maraqları olan Fransanın xarici işlər naziri səviyyəsində bu məsələyə münasibət bildirməsində qeyri-adi heç nə yoxdur.

Digər tərəfdən, məlumdur ki, Suriya böhranının nizamlanmasında Rusiya, Türkiyə və İranın birgə fəaliyyəti mühüm rol oynayır. Hətta bir sıra təhlilçilər bu ölkədə təşəbbüsün böyük mənada adları qeyd olunan ölkələrin əlinə keçdiyini tərəddüdsüz qəbul edirlər.

Jan-İv Le Drianın Suriyada yaranmış mövcud durumu dəyərləndirərkən, İdlib ətrafındakı vəziyyəti xüsusi vurğulaması da diqqətdən yayınmır. Çünki həmin bölgədə cərəyan edən proseslər Suriyanın gələcəyinə əhəmiyyətli təsir göstərəcək.

Fransalı nazir eyni zamanda, Rusiyanı və tərəfdaşlarını nəzərdə tutaraq, onların Suriyada hələ də sülhü tam təmin edə bilmədiklərini vuurğulayıb. Bu isə sözügedən ölkədə sabitliyin bərqərar olunmasında Qərbin, xüsusilə də Fransanın iştirakının vacibliyinə birbaşa eyhamdır.

İndiki şəraitdə Fransa Suriya proseslərində müstəqil oyunçuya çevrilə bilərmi? Öncə xatırladaq ki, Fransa bütövlükdə Yaxın Şərq üçün heç də yad amil deyil. Bu ölkənin bölgədə öz nüfuzunu yayması təqribən yüz iyirmi il əvvəldən başlayır. Hətta Birinci Dünya Müharibəsindən sonra Yaxın Şərqdə yeni düzənin müəlliflərindən biri məhz Fransadır. Müqayisə üçün qeyd edim ki, ABŞ bu bölgədə ötən əsrin 60-cı illərindən sonra möhkəmlənməyə başlayıb.

Ancaq hazırda Fransanın Yaxın Şərqdə öz şərtlərini diqtə edən müstəqil olyunçuya çevrilə bilməsi mübahisəlidir. Bununla belə, Parisin bölgədə vaxtilə çox yayğın olmuş nüfuz və təsirini müəyyən qədər artırmaq üçün imkanı yaranarsa, o bu fürsəti qaçırmamağa çalışacaq.

Əlbəttə ki, Rusiya, Türkiyə və İran üçün ABŞ başda olmaqla, Qərbin Suriya proseslərində iştirakı arzuolunan deyil. Bu ölkələr Suriya böhranının indiki həddə çatmasına görə Qərbin məsuliyyət daşıdığını düşünürlər və nizamlama prosesini öz nəzarətlərində saxlamağa cəhd edirlər”.

A.Zeynalov

www.yenicag.az

992
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv