Parklanmaya görə tətbiq olunan CƏRİMƏLƏR: “Sürücülər qanunsuz ödənişlərdən narazıdır”

“Boş ərazilər vətəndaşlar üçün gündəlik parklanma üçün istifadəyə verilərsə, bu zaman sürücülərin narazılıqlarının da qarşısını almaq olar”.

Bu sözləri avtomobil sürücülərinin parklanma ilə bağlı ödədikləri qanunsuz cərimələrə toxunan nəqliyyat eksperti Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, parklanma sisteminin düzgün təşkil olunmaması vətəndaşların narazılığı ilə yanaşı, xərclərinin də artmasına yol açır:

“Avtomobillərin dayanma-durma və parklanması ilə əlaqədar gündəlik olaraq DİN Baş Dövlət Yol Polisi İdarəsinə çox saylı müraciətlər daxil olur. Bu müraciətlər əsasən qanunsuz ödənişlərin yığılması ilə bağlıdır ki, sürücülərin haqlı etirazları başadüşüləndir. Çünki hansısa ərazidə dayanan əməkdaşa ödəniş edən zaman, bəzən üstündən beş dəqiqə keçməmiş 20 manatlıq cərimə SMS-i gəlir. Bu smslərin sayı gün ərzində orta hesabla 2-3-ə çatır. Dayanacaqlarda park olunan avtomobillərin BNA və YPX əməkdaşları tərəfindən cərimələnməs ərazidə quraşdırılan kameralara görə əsaslandırılır.
Lakin şəhərdə kameranın belə ehtiyac olmadığı kifayət qədər ərazilər mövcuddur.

Düzdür, təhlükəsiz şəhər kameraları cinayətkarlıqlara mübarizə üçün labüddür. Lakin 2-3 dəqiqəlik durma üçün cərimə yazılması doğru addım deyil.

Paytaxt Bakıda metro yaxınlıqları və digər onlarla hektarlarla boş ərazilər var ki, istifadəsiz qalıb. Əgər həmin ərazilər vətəndaşlar üçün gündəlik parklanma üçün istifadəyə verilərsə, bu zaman sürücülərin narazılıqlarının da qarşısını almaq olar. Həmin boş ərazilərə Koroğlu metrosu, Ulduz metrosu, Avtovağzal metrosu, Dərnəgül metrosu ətrafı əraziləri misal çəkmək olar. Xüsusən şəhər mərkəzində, metrolara yaxın ərazilərdə işləyənlər avtomobillərini həmin ərazilərdə rahat park edə bilərlər ki, nəticədə sürücülər də əlavə cərimələrlə yüklənməsinlər”.

Gülşən Şərif