!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parlament partiyalarının sevinci: Dövlət dəstəyi, yoxsa devalvasiyadan sığorta?  

!Reklam – Yazi

Milli Məclisdə təmsil olunan siyasi partiyalara 2018-ci il dövlət büdcəsindən ayrılan vəsaitin artırılması bu seqmentin sevincinə səbəb olub.

Yenicag.az xəbər verir ki, Milli Məclisdə keçirilmiş müzakirələrdən sonra dünən qəbul edilən 2018-ci il dövlət büdcəsində parlament partiyalarına ayrılan vəsaitin 20 faiz artırılması nəzərdə tutulub.

Bu barədə Milli Məclisdə çıxış edən maliyyə naziri Samir Şərifovun məlumatına görə, məsələ büdcə müzakirələrində səsləndirilmiş təkliflərə uyğun olaraq, öz həllini tapıb.

Nazir qeyd edib ki, gələn ilin büdcəsindən parlament partiyalarına ayrılan vəsaitin həcmi 20 faiz artırılaraq, 2,6 milyon manatdan 3,1 milyona çatdırılıb. Maraqlıdır ki, Şərifovun bu arayışı Milli Məclisdəki partiya sədrlərinin coşqusu ilə qarşılanıb.

Ölkədə siyasi fəallığın minimal səviyyədə olduğu, eyni zamanda, sistemdaxili və sistemdənkənar siyasi qüvvələr arasında münasibətlərin kəskinliyi fonunda parlament partiyalarına ayrılan vəsaitin artırılması birmənalı qarşılanmır.

2015-ci il seçkilərinin nəticələrinə əsasən, Milli Məclisdə təmsilçilik hüququ qazanan partiyaların ( hakim Yeni Azərbaycan Partiyası istisna olmaqla) fəaliyyətinin nəzərə çarpmaması onlara ayrılan vəsaitin artırılmasının zəruriliyinə yönələn suallar doğursa da, qərar artıq qəbul olunub.

Parlament partiyalarının rəhbərləri isə haqqında danışılan vəsait artımının onların fəaliyyətinə müsbət təsir göstərəcəyini bildirirlər.

Bu barədə Yenicag.az-a danışan Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə hesab edir ki, dövlət maliyyəsinin artırılması onlara öz fəaliyyətlərini daha da genişləndirməyə imkan verəcək:

“Milli Məclisdəki partiyalara ayrılan vəsaitin artırılması əlbəttə ki, çox müsbət addımdır. Bilirsiniz ki, ölkənin siyasi sisteminin formalaşmasında partiyalar böyük rol oynayır.

O baxımdan, həmin partiyaların maliyyələşməsinin artırılması öz müsbət nəticəsini göstərəcək. İndi hansı partiyaya büdcədən ayda, yaxud da ildə nə qədər pul ayrılacağı isə qəbul edilmiş prosedur əsasında müəyyənləşəcək. Mən bu xırdalığa getmək istəmirəm”.

Mövzunu Yenicag.az-a dəyərləndirən Böyük Quruluş Partiyasının (BQP) sədri, millət vəkili Fazil Mustafa isə bu fikirdədir ki, sözügedən vəsaitin artırılması nəzərdə tutulan siyasi təşkilatların artan maddi xərclərinin qarşılanmasına ciddi dəstəkdir:

“Xatırlayırsızsa, Milli Məclisdə bununla bağlı səslənən təkliflərdə qeyd olunurdu ki, ölkədə müşahidə edilən bahalaşma şəraitində partiyaların xərcləri də obyektiv olaraq artır. Parlament partiyalarına ayrılan vəsaitin artırılması əsasən, bununla izah olunurdu.

Həmin təkliflərin nəzərə alınması əlbəttə ki, çox müsbət haldır. Bu addım parlament partiyalarına öz fəaliyyətlərini genişləndirməyə, yerli təşkilatlara isə daha aktiv olmağa imkan verəcək”.

Sosial-Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə mövzu barəsində Yenicag.az-a bildirib ki, bu addım siyasi təşkilatların nəzərlərinin xaricə yönəlməməsi baxımından əhəmiyyətlidir:

“Siz də şahidsiz ki, mən parlamentdə heç vaxt nə deputat maaşından, nə də parlament partiyalarına ayrılan dövlət vəsaitinin azlığından şikayət etməmişəm. İndi belə bir qərar verilib, sağ olsunlar, partiyaların fəaliyyətinə mühüm dəstəkdir.

Ancaq deyim ki, biz indiyə kimi necə fəaliyyət göstərmişiksə, bundan sonra da o cür davam edəcək.
Partiyalara dövlət maliyyəsinin artırılması həm də ona görə vacibdir ki, bu addım siyasi təşkilatların nəzərlərini xaricə yönəltmələrinin, oradan maddi dəstək gözləmələrinin qarşısını alır. Aydın məsələdir ki, xaricdən maddi dəstək alan siyasi təşkilat həmin ölkənin maraqlarına xidmət edir. Yəni pulu verən, həm də sifariş göndərir”.

Ancaq Milli Məclisdə təmsil olunmayan sistemdənkənar siyasi təşkilatların təmsilçiləri isə bu məsələdə tam fərqli düşünürlər.

Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Yenicag.az-a açıqlamasında parlament partiyalarına ayrılan dövlət vəsaitinin artırılmasını “gələn il üçün gözlənilən devalvasiyadan sığorta” məqsədi daşıdığını iddia edib:

“Əslində, ölkədə seçkilərin necə keçirildiyini, Milli Məclisin indiki tərkibinin necə formalaşdırıldığını hamımız yaxşı bilirik. YAP-ı nəzərə almasaq, parlamentdəki partiyaların əksəriyyətini nəinki tanıyan, heç adlarını bilən də yoxdur. Heç bir fəaliyyəti olmayan həmin partiyalara maliyyənin artırılması nəyisə dəyişmir.
Mən belə düşünürəm ki, parlamentdəki partiyaların maliyyəsinin artırılması gələn il gözlənilən devalvasiya ilə bağlıdır. Ciddi iqtisadçıların proqnozlarına görə, 2018-ci ildə manat 25-30 faiz devalvasiyaya məruz qalacaq.

Milli Məclisdəki partiyalara, o cümlədən QHT-lərə ayrılan vəsaitin artırılması da gözlənilən devalvasiyadan sığorta məqsədi daşıyır. Bunun başqa bir anlamı yoxdur”.

Qeyd edək ki, Milli Məclisdə aşağıdakı siyasi partiyalar təmsil olunur:

Yeni Azərbaycan Partiyası (69 deputat), Vətəndaş Həmrəyliyi Partiyası (2), Ana Vətən Partiyası (1), Azərbaycan Demokratik Maarifçilik Partiyası (1), Azərbaycan Sosial Rifah Partiyası (1), Azərbaycan Sosial Demokrat Partiyası (1), Vəhdət Partiyası (1), Milli Dirçəliş Hərəkatı Partiyası (1), Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (1), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (1), Böyük Quruluş Partiyası (1) .

A. Zeynalov

www.yenicag.az

2418
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv