“Parlamentdə prezident seçkiləri haqqında nə danışmalıydıq ki?” – Deputatdan qəribə açıqlama

Milli Məclisin dünən keçirilmiş plenar iclasında aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə bağlı heç bir müzakirə aparılmadı.

Yenicag.az xəbər verir ki, dünən Milli Məclisin dövlət başçısı İlham Əliyevin növbədənkənar prezident seçkilərinin təyin olunması haqqında 5 fevral tarixli sərəncamından sonra ilk iclası keçirilsə də, millət vəkilləri bu vacib məsələnin üstündən sükutla ötdülər.

Maraqlıdır, deputatlar 2018-ci ilin əsas siyasi hadisəsi sayılan növbədənkənar prezident seçkilərini niyə diqqətdən kənarda saxladılar?

Bu barədə Yenicag.az-a açıqlama verən hakim Yeni Azərbaycan Partiyasından (YAP) millət vəkili Aydın Mirzəzadə parlamentin iclasında növbədənkənar prezident seçkilərinə yönəlik müzakirə aparılmamasını sadə səbəblə izah etdi:

“Bilirsiz, iş ondadır ki, seçki dövründə hər bir siyasətçi öz sözünün çəkisini qorumağa çalışır. Çünki ehtiyatsız deyilən bir kəlmə sabah müdafiə etdiyin namizədin xeyrinə vaxtından əvvəl başlanmış təbliğat kimi də qəbul oluna bilər.

O baxımdan, məncə, parlamentdə bununla bağlı hər hansı çıxışın, müzakirənin olmaması normal qəbul edilməlidir.
Ancaq bununla belə, dediyimiz müzakirənin olmaması göstərir ki, seçki prosesi rəvan gedir və gələcək namizədlərin bu çərçivədə hər hansı narazılıqları yoxdur.

Yəni parlamentdə belə müzakirələr o zaman aktual olardı ki, seçki prosesinə dair hansısa məsələni diqqət mərkəzinə gətirmək istəyirlər. Artıq aprelin 11-nə növbədənkənar seçkilər təyin olunub və namizədliyini irəli sürənlər də seçkilərin indiki mərhələsinə aid işlərin həyata keçirilməsi ilə məşğuldurlar”.

Sosial Demokrat Partiyasının (ASDP) sədri, parlamentin deputatı Araz Əlizadə də hesab edir ki, Milli Məclisdə növbədənkənar prezident seçkiləri haqqında danışılmaması normaldır:

“Milli Məclis qanunvericilik orqanıdır. Orada prezident seçkiləri ilə bağlı nə danışılmalıdır ki?
Cənab prezident növbədənkənar seçkiləri təyin edib və istəyənlər bu prosesə hazırlaşırlar. Parlamentdə o barədə danışıb nə demək olardı ki?”

A. Zeynalov