“Almaniya kansleri Olaf Şolts hökumətə etimad məsələsinin parlamentdə müzakirəsi zamanı səs almayacağını, yəni hökumətə etimadsızlıq göstəriləcəyini əvvəldən bilirdi. Bunun səbəbləri də aydındır. Almaniya Sosial Demokrat Partiyası Bundestaqda 207 deputatla təmsil olunur. Koalisiyada olan Yaşıllar Partiyası isə 117 yerə malikdir. Yəni koalisiya hökumətinin ümumi 324 nəfərlik tərkibi var. Bundestaqda isə ümumilikdə 733 yer mövcuddur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Analitik Almaniya Bundestaqında Olaf Şolts hökumətinə qarşı keçirilən etimadsızlıq səsverməsinin səbəblərini şərh edib.
Onun sözlərinə görə. belə olan halda, məsələnin parlamentdə müzakirəyə çıxarılması və hökumətə etimad məsələsində səsvermə keçirilməsi gündəmə gələndə nəticə əvvəlcədən məlum idi:
“Sosial Demokratların bir sıra layihə və qərarlarının parlamentdə qəbul edilməməsi, hökumətə etimadsızlıq göstərilməsini və nəticədə yeni seçkilərin keçirilməsini qaçılmaz edirdi. Bu, Olaf Şoltsun planının bir hissəsi də sayıla bilər. Bundan dərhal sonra Almaniya prezidenti Frank-Valter Ştaynmayer yeni seçkilərlə bağlı müraciət etdi və 60 gün ərzində seçkilərin keçirilməsi planlaşdırılır. Şolts düşünür ki, daha çox səs toplamaqla və daha güclü koalisiya qurmaqla Almaniya hökumətinin həyata keçirmək istədiyi bir sıra planları reallaşdırmaq, eləcə də ölkəni sosial-iqtisadi böhrandan çıxarmaq mümkündür”.
“Lakin seçicilərin parlament seçkilərində hakim partiyanı və ya koalisiyanı dəstəkləyəcəyi şübhə doğurur. Çünki məhz bu hakimiyyət dövründə Almaniyada iqtisadi geriləmə baş verib. Avropa İttifaqı daxilində Almaniyanın liderlik mövqeyindən ikinci plana keçməsi, Fransanın bəzi sahələrdə Almaniyanı qabaqlaması və Ukrayna müharibəsi səbəbindən büdcədən böyük həcmdə vəsaitin ayrılması ölkə daxilində narazılığı artırıb”, – deyə o, əlavə edib.
Siyasi təhlilçiyə görə, hakimiyyətin məğlub olacağı ehtimalı yüksəkdir və belə olan halda, yeni siyasi qüvvələr hakimiyyətə gələ bilər:
“Bu qüvvələrin Rusiya-Ukrayna müharibəsinə baxışları isə fərqlidir. Onlar ümumi daxili məhsulun böyük bir hissəsinin Ukraynaya yardım üçün ayrılmasına və silah-sursat göndərilməsinə qarşı çıxırlar. Hərçənd indiki hökumət də bu məsələdə müəyyən qədər ehtiyatlı mövqe sərgiləyir, amma bu, Almaniya ictimaiyyəti üçün kifayət etmir. Bu baxımdan, seçkilərdə Olaf Şolts və onun koalisiyasının məğlub olması ehtimalı Almaniyanın Ukraynaya dəstəyinin növbəti mərhələdə azalmasına səbəb ola bilər”.
Rafi Müslümov