!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Parlamentə istənilən qonşu dövlət müdaxilə edə bilir” - Şahlar Əsgərov

!Reklam – Yazi

Qardaş ölkə Türkiyə referenduma hazırlaşır. 16 apreldə xalq yeni konstitusiyaya “Hə” və ya “Yox” deyəcək. Və Türkiyə seçicisinin bu qərarı birəsrlik parlamentli respublika sistemini prezident üsul-idarəsi ilə dəyişəcək və ya olduğu kimi saxlayacaq. Azərbaycanda da bu referendum diqqətlə izlənilir. Sosial şəbəkələrdə bu trend mövzulardan biridir. Müxtəlif şərhlərin içərisində professor Şahlar Əsgərovun mövqeyi digərlərindən fərqlənir.

Bu səbəbdən Şahlar müəllimi fikirlərini daha geniş şərh etmək üçün redaksiyamıza dəvət etdik.

– Şahlar müəllim, bu gün regionda gündəmdə olan ən aktual məsələlərdən biri Türkiyədə sistemin dəyişdirilməsidir. Sizin də bununla bağlı maraqlı bir yanaşmanız var. Hesab edirsinizmi ki, Şərq ölkələri üçün birinci növbədə prezident üsul-idarəsi lazımdır?

-Düz deyirsiniz, mənim yanaşmam o qədər də standart deyil. Türkiyə baş nazirinin bir çıxışını dinləmişdim. Qeyd edirdi ki, biz tezliklə parlamentə ölkədə idarəetmə üsulunun dəyişdirilməsi haqqında məlumat göndərəcəyik. Həmin məlumatda bildirilirdi ki, ölkənin parlament idarə üsulundan prezident üsul-idarəsinə keçirilməsi daha məqbul hesab edilir. Mən də bu keçidi çox müsbət sayıram və düşünürəm ki, bugünkü Türkiyə üçün də mütərəqqi bir addım olacaq. Çünki dünya ölkələrinə fikir versəniz, dünyada prezident üsul-idarəsinin mövcud olduğu güclü dövlətlər çoxdur, birinci növbədə buna ABŞ-ı, Fransanı misal göstərmək olar. Bununla belə Avropada parlament idarə üsulu ilə idarə olunan dövlətlər də çoxdur. Mən güman edirəm ki, Türkiyənin yerləşdiyi coğrafi mövqe daha çox prezident üsul-idarəsini tələb edir. Bunun da xeyli səbəbləri var. İstəsəniz, bu səbəbləri sizin üçün sadalaya bilərəm.

– Əlbəttə, çox danışmaq olar. Türkiyədə bu məsələdə fikirayrılıqları var. Belə deyək, qarşımızda “evet”çilərə və “hayır”çılara bölünmüş bir Türkiyə var. Eyni zamanda Türkiyənin bir çox qonşuları Türkiyədə sistemin dəyişdirilməsini istəmir.

– Təşəkkür edirəm, bu məlumata görə. Bir halda ki, bu, Türkiyə vətandaşları tərəfindən müzakirə olunur, mən istəyərəm ki, öz baxışımızı şərh edim. Birinci olaraq, Türkiyənin yerləşdiyi coğrafi məkana, qonşularına fikir versəniz görərsiniz ki, Türkiyənin qonşularının əksəriyyəti bədniyyətlidir. Bir tərəfdə Yunanıstan, bir tərəfdə İran, bir tərəfdə Ermənistan, bir tərəfdə Suriya və.s. Bu, çox əhəmiyyətli bir faktordur və onu nəzərdən qaçırtmaq olmaz. Prezident üsul-idarəsinin əksinə olan insanlar hökmən Avropanı misal göstərəcəklər. Daha sonra da orada demokratiyanın inkişafından danışacaqlar. Əvvəla onu deyim ki, Fransada da, Amerikada da demokratiya çox uğurla inkişaf edib. Mən hesab etmirəm ki, Türkiyəmiz prezident üsul-idarəsini seçərsə, demokratiya üçün təhlükə yaranacaq. İkincisi, bu Avropa ölkələrində olan dövlətlərə baxın, hamısının qonşularına fikir versəniz, görəcəksiniz ki, qonşular arasında ziddiyyət yoxdur. Niyə yoxdur? Çünki onları xristianlıq, xristian mədəniyyəti birləşdirir və bundan başqa onların düşüncə tərzləri də eynidir. İstənilən Avropa dövlətini götürün, misal üçün Çexoslavakiyanı. Ətraflarına baxın, sərhədlərində heç bir gərginlik yoxdur. Çünki bütün ətrafı eyni xristian mədəniyyətinə söykənir. Üstəlik, onların düşüncə tərzləri də eynidir, çünki təqribən adambaşına düşən gəlir də eynidir, insan potensialının inkişaf indeksleri də… Yəni Avropada bu dövlətlər bir-birinə bərabər səviyyədə olduqları üçün rahat yaşayırlar. Ancaq Türkiyədə vəziyyət tamam başqadır. Əgər Türkiyənin Yaponiya kimi, İngiltərə kimi, Avstraliya kimi qonşuları olsaydı, belə bir gediş etməyin əhəmiyyəti yox idi. Amma bir halda ki, Türkiyə çoxlu sayda qonşuyla əhatələnib və onların bir çoxu bədniyyətlidir, Türkiyə idarəetmə üsulunu bir daha gözdən keçirtməlidir. Buna görə də mən bu gedişi çox normal sayıram.

– Mustafa Kamal Atatürkün qurduğu Cümhuriyyətin dəyişdirilməsi iddiası da ortadadır və insanları ən çox narahat edən məsələlərdən biri də budur. Türkiyə Cümhuriyyəti qurularkən 1923-cü ildə də eyni situasiya vardı və Türkiyə daha böyük təhlükəylə üz-üzə idi. O dönəmdə belə bu sistem dəyişdirilmədisə, nə üçün indi sistemin dəyişdirilməsi vacibdir?

– Güman edirəm ki, bugünkü Türkiyə Atatürk Türkiyəsindən çox fərqli durumdadır. O dövr üçün Atatürk Türkiyəsi daha rahat qonşularla əhatələnmişdi və Türkiyədaxili ziddiyyətlərin səviyyəsi çox aşağı idi. Belə bir zamanda Türkiyə bu yolu seçdi və özünü Respublika elan etdi. Uzun illər də bu yolda irəlilədi və uğur qazandı. Mən inanmıram ki, struktur baxımından idarəetmə üsulunun daha yüksək səviyyəyə qaldırılması Atatürk ideyalarından imtina etmək deməkdir. Atatürk ideyalarını elə bu üsulda da tətbiq etmək olar. Təsəvvür edin, bir maşında gedirsiniz və gözəl ideyalarınız var; indi o maşının modeli dəyişirsə, sizin ideyalarınız dəyişməyəcək ki?! Yenə eyni insan və eyni sürücü olacaqsınız, sadəcə, maşının strukturu dəyişəcək. Mən belə başa düşürəm.

– O dönəmdə də Türkiyənin daxilində problemlər vardı, xüsusən Şərq tərəfdə üsyanlar mövcud idi. Türkiyə o zaman hətta müharibədən məğlub çıxmış bir ölkəydi. Bu gün “hayır”çıların ən böyük iddialarından biri Türkiyənin tək adama təslim olması məsələsidir. Bu məsələ ilə bağlı nə düşünürsünüz?

– Bir az öncə qeyd etdiyim kimi, o zamankı Türkiyə ilə bugünkü Türkiyə eyni deyil. Mən inanmıram ki, Türkiyənin o zamankı vəziyyətində bu qədər gərginlik var idi. Hantinqtonun nəzəriyyəsinə əsasən, SSRİ dağıldıqdan sonra mədəniyyətlər bir-birilə mübarizə aparacaqdı. Əgər SSRİ dağılmadan əvvəl bütün gərginlik Berlin divarlarının üzərində cəmləşmişdisə, Berlin divarları dağıdıldıqdan sonra o gərginlik dövlətlərin sərhədlərinə yayıldı. Mən alimin bu fikirləri ilə razılaşıram, amma biz bu gərginlikləri Avropa dövlətlərinin sərhədlərində hiss etmirik, bu özünü Türkiyə sərhədində bürüzə verir. Ona görə də Türkiyə bu gərginliyin qarşısını almaq üçün nəsə etməlidir. Mən bunu diqqətlə araşdırmışam ki, Türkiyə 2003-cü ildən 2008-ci ilə qədər çox sürətlə inkişaf edib. İlbəil ümumdaxili məhsul, adambaşına düşən milli gəlir artıb. Hardasa 3500 dollardan 10000 dollara qədər olub . 2009-cu ildən bu yana isə artım nisbətən dayanıb, 8 ildə artım əvvəlki qədər deyil, əhalinin sayı da çoxaldığına görə bu, bir o qədər gözə çarpmır. Türkiyə nə isə etməlidir. Bu köhnə struktur Türkiyəni qabağa apara bilmir. Burada iki yol var: ya əvvəlki sistemi – yəni güclü parlament idarə üsulunu saxlamaq, ya da yeni bir idarəetmə üsuluna keçmək. Mən ikincinin tərəfdarıyam. İcazənizlə, niyə ikinci yolun tərəfdarı olduğumu izah edim. Həm Atatürk dövründə, həm də Türkiyənin istənilən dövləti başçısının qarşısında duran əsas məsələ qüdrətli Türkiyə dövləti yaratmaq olmuşdur. Mənim yadımdadır, bir neçə il bundan qabaq Türkiyə dövlətinin rəhbərləri Türkiyəni 2023-cü ilə qədər ən güclü iqtisadi onluğa daxil etmək istəyirdilər. Yəni Türkiyə iqtisadi baxımdan dünyanın ən qüdrətli 10 dövləti sırasında yer tutmaq niyyətində idi. Hal-hazırkı idarəetmə üsulu Türkiyəni o nöqtəyə apara bilmir, çünki idarəetmə sistemi parlamentli idarəetmə sistemidir. Parlamentli idarəetmə sisteminin prezident üsul-idarəsinə nəzərən qüsurludur. Çünki Parlament birinci partiyalar arasında bölüşülür, bölünmə varsa, keyfiyyəti bir qədər azalır. İkincisi, parlamentə istənilən qonşu dövlət müdaxilə edə bilir. Bu, birbaşa müdaxilə olmur, gizli müdaxilələr olur. İstənilən beşillik bir dövrdə deputatların çıxışlarına fikir verin, onların kimə qulluq etdiyi məlum olur, parlamentdə hansı dövlətin sözünü dediyi anlaşılır. Bu yaxınlarda bizim parlamentimizin bir üzvü demədimi ki, Qarabağ yarasını bizim ürəyimizə Osmanlı imperiyası salıb, indi görün Azərbaycanda bu adamın sözünü neçə faiz insan müdafiə edər? Heç kim müdafiə etməz. Bu, onun sözüdürmü, yoxsa onun arxasında duran gizli qüvvənin? Mən belə hesab edirəm ki, bu, o gizli qüvvənin sözü idi. Parlamentə müdaxilə etmək mümkündür. Prezident idarə üsuluna müdaxilə etmək çətindir. İkincisi, son 10-20 ilin çox məşhur bir nəzəriyyəsi var, buna mürəkkəb sistemlər nəzəriyyəsi deyilir. Dövlət özü mürəkkəb bir sistemdir, mürəkkəb sistemi idarə etmək çox çətindir. Əgər idarəetməni asanlaşdırmaq istəyirlərsə, mürəkkəbliyi azaltmaq lazımdır. Parlamentli idarə üsulundan, prezidentli idarə üsuluna keçmək idarə etməni sadələşdirmək deməkdir. İkinci, parlamentli idarə üsuluna müdaxilə etmək asandır, prezidentli idarəetmə üsuluna müdaxilə etmək çətindir. Təbii ki, bu cür müdaxilə edən xarici qüvvələr əks təbliğat aparacaq və deyəcək ki, belə bir dəyişiklik əhəmiyyətsizdir, ümumiyyətlə, lazım deyil. Mən onların bu sözləri xoş niyyətlə söylədiklərinə inanmıram. Deməli, birinci sistem sadələşir, ikinci müdaxilənin qarşısını almaq asanlaşır, üçüncüsü, Türkiyə qeyri-dost dövlətlərin təsirindən xilas olur. Keçmişə – yəni sultanlığa qayıtmaq məsələsini iddia edirlər, düşünürəm ki, əhali idarəetmədə prezidentə daha çox etibar edirsə, bu da Türkiyənin xeyrinə olan bir şeydir. Yəni burda müsbətlər çoxdur, mənfilər azdır. Üstəlik, mənim son tədqiqatlarımda ən qiymətli saydığım nəticə budur ki, insana aid edildikdə, mən bu əmsala “kamillik əmsalı”, qeyri-canlılara aid edildikdə isə “keyfiyyət əmsalı” deyirəm. Kamillik əmsalı bərabərdir: kəsr xəttinin üstündə ictimai mənafe, məxrəcində isə şəxsi mənafə durur. Nə qədər şəxsi mənafe az, yəni məxrəc kiçik, nə qədər ki sürət – ictimai mənafə çox olarsa, kamillik bir o qədər yüksək olur. Mən prezidentliyə bu cür yanaşıram. Düşünürəm ki, bu əmsal Prezident idarəetmə üsulunda, Parlament idarəetmə üsulundan daha yuxarıdır. Çünki Parlamentdə ictimai mənafeni qorumaq çox çətindir, çünki hər bir qrupun və onun arxalarında duran güclərin mənafeyi var. Onların şəxsi mənafeyi daha yüksək olur.

Söhbətləşdi: Aqil Ələsgər
Qələmə aldı: Aytək Yusifsoy

Yeniçağ.az

www.yenicag.az

851
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv