!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parlamentin komitə iclasında qalmaqal – Deputatlar yeni qanun layihəsini “topa tutdu”

!Reklam – Yazi

 

milli-meclisMillət vəkili: “Eşitmə deyirsən qulağımı yumum eşitməyim, görmə deyirsən gözümü yumum görməyim, amma qanma deyirsən…”

Dünən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Toplantıda “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi ətrafında millət vəkilləri fikirlərini bildirib, təkliflər irəli sürüblər.

Müzakirələrə qoşulan komitənin üzvü, deputat Əli Məsimli qanun layihəsində bəzi müddəalarla razılaşmayıb. “Lisenziyalara aid vacib qanun layihəsinin az qala Karl Marksın kitabları qədər qalın şəkildə ortaya çıxarılmasını mən müsbət qiymətləndirmirəm. Bu çox yığcam və anlaşıqlı, az vərəqli olmalıdır” – deyən Ə.Məsimli bildirib ki, əks halda Prezident İlham Əliyevin lisenziyalar haqqında verdiyi fərman bu qanundan yaxşı şəkildə işləyəcək.

 

“…İcazə adı altında əslində hiyləgər bir üsuldan istifadə edildiyini göstərir”

 

Deputatın sözlərinə görə, Prezidentin fərmanında lisenziyalar haqqında bütün müddəalar açıq şəkildə öz əksini tapıb: “Əgər bu qanun layihəsinin işləməsini istəyirsinizsə, sənəd nisbətən yığcam, aydın və konkret olmalıdır. Vacib məsələlərdən biri odur ki, bu lisenziyalarda sahibkarı boğan, onun ilkin başlanğıcda bütün fəaliyyətini, perspektivlərini üstündən xətt çəkən böyük məqamlar var. Bu məqamlar Azərbaycan sahibkarlığının yolunu bağlayan süni maneələrdir.

 

Yaradılan bu kimi süni maneələr istedadlı sahibkarların yoluna böyük bir “şlaqbaum” qoyur. Ya həmin bu proses davam etməli, yəni istedadlı sahibkarlar “yanmalıdır”, ya da ki, qeyd etdiyim və hamının başa düşdüyü süni maneələr aradan qaldırılmalıdır”.

 

Deputat qeyd edib ki, “Lisenziyalar və icazələr haqqında” qanun layihəsinin adında və içərisində istifadə olunan “icazə” sözü elə əslində “lisenziya” sözü ilə eyni mənanı əks etdirir: “Bu gün dünyanın hansı dilində olan iqtisadi lüğətləri açırsansa “lisenziya” sözünün hərfi və digər mənaları əslində elə icazə deməkdir. Bu sənəddə “icazə” sözünü “lisenziya” sözünün yanına qoşmaqla 200 növ lisenziya və 47 növ icazə adı altında əslində hiyləgər bir üsuldan istifadə edildiyini göstərir. Bu lisenziya onsuz da icazədir. Bəs icazə özü nə deməkdir? Bu, özü açıq şəkildə bir taftalogiyadır və qəbuledilməzdir”.

 

“Süni baryerlər aradan qalxmasa, indiki durumun düzəlməsi mümkün deyil”

 

Ə.Məsimli vurğulayıb ki, hamı bilməli və başa düşməlidir ki, Azərbaycanı bugünkü ağır vəziyyətdən sahibkardan başqa heç kimin çıxarması mümkün deyil: “Sahibkarın qarşısında olan bütün maneələr, vergidən başqa alınan vəsaitlər aradan qaldırılsa, vəziyyət normallaşar. Azərbaycan balaca bir ölkədir və onun xarici borcu valyuta ehtiyatlarından 5-6 dəfə azdır. Belə bir şərait əslində iqtisadi manevr etmək üçün çox yaşı mühitdir. Amma sahibkarların qarşısında yaradılan süni baryerlər aradan qalxmasa, indiki durumun düzəlməsi mümkün deyil. Bütün dünyada baş verən katakilzmlərdən dövlətləri kim çıxarır? Büdcələri kim doldurur? Əlbəttə ki, yalnız sahibkarlar. Onların fəaliyyəti olmasa, inkişaf mümkün deyil”.

 

Digər iqtisadçı millət vəkili Vahid Əhmədov da həmkarının fikirləri ilə razılaşaraq lisenziya və icazənin eyni mahiyyət daşıdığını deyib: “Düzdür, icazələrin sayı xeyli azaldılıb və 200-ə endirilib. Ancaq mən bilmək istəyirəm ki, icazələrin sayı nə qədər idi ki, indi 200-ə endirilib? Hesab edirəm ki, bu say da çoxdur və gələcəkdə növbəti bürokratik əngəllərə gətirib çıxaracaq”.

 

“Sahibkarlar təkcə istedadlı deyil, həm də yaradıcı olmalıdırlar”

 

Komitənin üzvü, deputat İlham Əliyev icazələr məsələsi ilə bağlı həmkarlarının fikirlərini təqdir edib: “Deputat həmkarlarımın fikirlərini dəstəkləyirəm. Hesab edirəm ki, lisenziyalar varsa, icazələrə nə ehtiyac var?! Ümumiyyətlə, burada 236 lisenziya və icazə var. Bunlar mütləq azaldılmalıdır, icazələr isə ümumən aradan qaldırılmalıdır. Eyni zamanda, deputat həmkarımın dediyi kimi, ölkəni bu vəziyyətdən sahibkarlar, sahibkarlığın inkişafı qurtara bilər. Amma sahibkarlar burada qeyd edildiyi kimi, təkcə istedadlı deyil, həm də yaradıcı olmalıdırlar. Yaradıcı deyəndə də, söhbət heç də şairlərdən, bəstəkarlardan, rəssamlardan getmir”- deyə İlham Əliyev qeyd edib.

 

Deputat Tahir Mirkişili isə qanun layihəsində həm lisenziyaların, həm də icazələrin qalmasının tərəfdarı olduğunu söyləyib: “Çünki lisenziya müddətsiz olur və fəaliyyət növünə görə verilir. İcazələr isə müvəqqəti xarakter daşıyır.

Deputatlar Xanhüseyn Kazımlı, Şəmsəddin Hacıyev də öz növbəsində qanun layihəsindən “icazələr” sözünün çıxarılmasının vacibliyini vurğulayıblar.

 

“Sabah kimsə deyəcək ki, sahibkaram, mən silah istehsal etmək istəyirəm”

 

Komitənin sədri, millət vəkili Ziyad Səmədzadə müzakirə olunan qanun layihəsinin müəyyən hissələrinə tənqidi münasibət bildirən və onu qəbul etməyən həmkarlarının fikirləri ilə razılaşmayıb: “Cənab prezidentin özü də lisenziyalarla bağlı fərman imzalayıb. Ona görə də biz bu gün mahiyyət etibarı ilə konseptual olaraq qanun qəbul edirik. Gəlin bu qanunun birdən birə məzmununu aşağı salmayaq. Cənab prezident artıq lisenziyalarla bağlı fərman imzalayıb, qanun da ikinci oxunuşdan keçib. Burada elə məsələlər var ki, artıq bunlar həll olunub”.

 

Deputat vurğulayıb ki, qanun layihəsi üzərində xarici mütəxəssislər də işləyib: “Beynəlxalq təcrübədə də elə bir dövlət yoxdur ki, orada lisenziyalar haqqında qanun olmasın. Qlobal dünyada yaşayırıq, dünya iqtisadiyyatı şaxələnir. Amma biz hələ elmi texniki inkişafın yüksək səviyyəsinə çatmamışıq. Azərbaycan iqtisadiyyatının görün nə qədər sahəsi var. Məsələn, sabah kimsə deyəcək ki, mən silah istehsal etmək istəyirəm. Mən sahibkaram və bu silahı satacam. Bu belə ola bilməz axı. Hər şeyin həddi olmalıdır. Heç bir sahibkar 10 dənə lisenziya ilə işləmir. Başqa birisi çıxıb desin ki, mən kosmosa üçün aparat hazırlamaq istəyirəm və onu satacam. Hər sahəyə 1 və ya 2 lisenziya düşür. Baxın, tikintiyə aid olan nə qədər lisenziya azaldıldı. Mən Qazaxıstan , Türkmənistan, Belarusiyanın da bu sahədə olan qanunlarına baxmışam. Düzdür, lisenziya və icazə sözlərində nəsə dolaşıqlıqlar, anlaşılmazlıqlar ola bilər. Amma bu bir qanundur, millətin və sahibkarlığın inkişafına xidmət etmək üçün qəbul olunur”.

 

“Burada qeyri-adi nə var ki?!”

 

Komitə sədrinin fikirlərinə cavab olaraq deputat Vahid Əhmədov bildirib ki, qanun layihəsinin ikinci oxunuşunda “icazələr” məsələsi olmayıb: “Biz bu qanunun qəbul olunmasının əleyhinə deyilik və qanunun plenar iclasda da qəbul olunması üçün səsimizi verəcəyik. Sadəcə olaraq sözügedən qanun layihəsinin ikinci oxunuşu zamanı və həmçinin cənab prezidentin də fərmanında “icazələr” sözü yox idi. Sadəcə olaraq siyahıda lisenziyalar və onların növləri var idi. Biz də ona baxmışdıq və heç bir etirazımız da yox idi. Amma bu gün bizə təqdim olunan qanun layihəsində isə 200 növ icazə var. Ona görə də biz narahat olduq. Bu qanun sahibkarlar, xalq və millətin gələcəyi üçün çox böyük əhəmiyyət daşıyır. Ona görə də biz istəyirik ki, həmin “icazələrə” baxaq. Burada qeyri adi nə var ki ?! Amma qanunun qəbul edilməsinə razıyıq”.

 

“Biz qanunun əleyhinə deyilik, əksinə yaxşı bir formada qəbul olunaraq işləməsini istəyirik”

 

Deputat Əli Məsimli də həmkarlarının haqlı narahatlığının və narazılığının əsas səbəblərini açıqlayıb: “Prezidentin artıq lisenziyalar haqqında çox mütərəqqi bir fərmanı var. Əgər bu qanun layihəsi normal formada tamamlansa və qəbul olunsa sözün həqiqi mənasında sahibkarlığın və ölkənin gələcəyinin inkişafına böyük yol açacaq. Yox əgər belə olmasa, bu qanun prezidentin bu yaxınlarda lisenziyalar haqqında qəbul etdiyi fərmanını yüz faiz blokadaya alacaq, bloklaşdıracaq. Onun fəaliyyətinin genişlənməsinə imkan verməyəcək. Ona görə də çalışmaq lazımdır ki, qanunla prezidentin fərmanı arasında əlqaləndirilmiş işlək bir hüquqi mexanizm yaransın. Biz qanunun əleyhinə deyilik, əksinə yaxşı bir formada qəbul olunaraq işləməsini istəyirik. Qanunun prezidentin fərmanını blokadaya almasını istəmədiyimizə görə bu kimi məsələləri qaldırırıq. Çünki qanunda açıq şəkildə lisenziyaların sayı çoxdur “.

 

“Kənddə kəndli daşı-daş üstünə qoyur və gəlib deyirlər ki, lisenziyası hanı ?”

 

Deputat İlham Əliyev də bildirib ki, qanun layihəsi xalqın və millətin mənafeyinə uyğun qəbul edilməlidir: “Bu gün ümumiyyətlə tikitinin özündə heç bir lisenziyaya ehtiyac yoxdur. Kənddə kəndli daşı-daş üstünə qoyur və gəlib deyirlər ki, lisenziyası hanı? Lisenziyaların sayının azadılması məsələsinə bir daha baxılmalıdır. Biz sahibkarların qarşısından bu sədləri yığışdırmalıyıq”. Deputat komitə sədrindən xahiş də edib: “Xahiş edirəm ki, icazələr məsələsinə tam obyektiv və ətraflı baxılsın. Çünki həqiqətən bu çox ciddi məsələdir. Bu qanun bir dəfə qəbul olunaraq uzun illər Azərbaycanda sahibkarlığa töhfə verməlidir. Bu qanuna məhz sahibkarların, xalqın və insanların mənafeyinə uyğun şəkildə baxılmalıdır”.

 

“Qanmamaq olmur axı…”

 

Millət vəkili Xanhüseyn Kazımlı isə ölkə prezidentinin sahibkarlara bu qədər dəstək olduğu halda nəyə görə bu qanunla lisenziyaların sayının artırılmasını anlamadığını bildirib: “Eşitmə

 

deyirsən qulağımı yumum eşitməyim, görmə deyirsən gözümü yumum görməyim, amma qanma deyirsən. Qanmamaq olmur axı. Ona görə də hesab edirəm ki, işçi qurupu bəzi məsələlərdə müsbət və mütərəqqi addımlar atıb. Amma qanunun müəyyən yerlərinə də açıq şəkildə göz yumulub. Bu günkü gündə lisenziyaların sayının artırılması gülüncdür. Bu gün cənab prezident sahibkarlığın inkişafına töfhə verən çox ciddi addımlar atır. Bəs axı biz bu qanunda lisenziyaların sayını artırmaqla nə demək istəyirik”.

 

Qanun layihəsi komitənin iclasında müzakirələrdən sonra, Milli Məclisin plenar iclasına tövsiyyə olunub. / “Şərq” qəzeti

www.yenicag.az

829
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv