Pakistanda “Cəmiyyət Üləma-i-İslam-Fəzl” adlı siyasi partiyanın ölkənin cənub-qərbində Əfqanıstanla sərhəddə yerləşən Bəlucistan vilayətinin Çaman şəhərindəki ofisinə bombalı hücum edilib.
Yenicag.az xəbər verir ki, insident nəticəsində 3 nəfər həlak olub, partiyanın 4 üzvü ağır yaralanıb. Şəhər polisinin məlumatına görə, terror aktı ofis binasının yanındakı motosikletə yerləşdirilmiş bomba vasitəsilə həyata keçirilib. Ölənlərin arasında 12 yaşlı uşaq da var.
Polisin məlumatında qeyd olunub ki, terror aktı nəticəsində partiyanın lideri Mövlana Məhəmməd Hənif də ağır yaralanıb. Terrorçuların məhz onu hədəfə aldıqları bildirilir. Partiya lideri Qvetta şəhərindəki xəstəxanaya çatdırılıb.
Əfqanıstanın Qəndəhar vilayəti ilə sərhəddə yerləşən Çaman şəhəri Bəlucistan vilayətinin ən təhlükəli bölgəsi hesab olunur. Terror aktına görə məsuliyyəti heç bir silahlı qruplaşma öz üzərinə götürməyib./AZƏRTAC/