Partiya sədri “açdı ağzını, yumdu gözünü” – Sərt sözlər

11997299_10206520417841951_1651507051_nADP sədri Sərdar Cəlaloğlu mətbuata açıqlamasında Azərbaycandakı sosial-iqtisadi böhran və onun səbəblərini şərh edərək, bildirib ki, bu gün bütün dünyada, xüsusilə Qərbdə böhran var və bu, Azərbaycana da təbii olaraq öz təsirini göstərir: “Lakin ölkədəki böhrana görə əsas məsuliyyət hakimiyyət və onun yanlış siyasətinin üzərinə düşür. Çünki hakimiyyətin yürütdüyü uzunmüddətli iqtisadi siyasətin səmərəsizliyi nəticəsində bu gün ölkə belə bir mənzərə ilə üz-üzə qalıb. Həm neft siyasəti, həm də kənd təsərrüfatının inkişafı ilə bağlı siyasət kifayət qədər effektsiz olub. Nəticədə bu gün Azərbaycanda ciddi böhran müşahidə edilir ki, bundan xilas olmaq heç də asan olmayacaq”.

Yenicag.az-a açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev isə S. Cəlaloğlunu seçki qabağı populist çıxışlar etməkdə günahlandırdı: “Hansısa bir ölkədə baş verən iqtisadi prosesləri heç zaman konkret dövlətə, onun iqtisadi siyasətinə bağlamaq yanlış bir məsələdir. Hər zaman demişəm, Sərdar Cəlaloğlu ilə Qurban Məmmədov dünyanın bəlkə də ən unikal siyasətçi qardaşlarıdır. Çünki, onlar bir ay bir söz danışır, sonrakı iki ayda isə başqa söz. Ona görə onların fikirlərində də heç zaman məntiq olmayıb. Bu da həmin estafetin növbəti davamıdır. Bütün dünyada bu proseslər baş verir. Azərbaycan da bu proseslərdən qaça bilməz. Çünki, bu gün Qərblə Rusiya arasında böyük bir savaş var. Bu da özünü siyasətçi adlandıran insana bəlli olmalıdır. Qərb Rusiyaya qarşı embarqo tətbiq edir, onu zəiflətmək üçün neftin qiymətinin aşağı düşməsinə nail olur, bütün dünya üzərinə çökən devalvasiyanı tətbiq edirsə, bundan Azərbaycan da necə qaça bilər? Onun formatını göstərməli idi, Sərdar Cəlaloğlu.

Azərbaycan müxalifəti ancaq gördüyünü danışır. Siyasətçi isə siyasətdən kənar insanlardan fərqli olaraq, gördüyünü deyil, lazım olanı danışmalıdır. Ərdoğan hakimiyyətə gəlməmişdən öncə 4-5 il ərzində platforması təbliğ etdi, nə edəcəyini dedi, sonra iqtidara gəldi. Ancaq Azərbaycanda radikal müxalifətin qəzet və saytları ancaq iftiradan, yalan məlumatlardan ibarətdir. Deməli, Sərdar Cəlaloğlu da bu taktikanı tutub. Azərbaycan uzun müddət ərzində devalvasiyadan qaçdı, qiymət artımına qarşı mübarizə apardı. Nə cür dövlətlər çökdü, amma Azərbaycan çökmədi. Təbii bu proseslər ölkəmizə də hansısa formada təsir etdi, amma gözə görünməyən şəkildə. Qaçmağın mümkün olmadığı məsələlər var, elə şeylər var ki, sunami kimi gəlir, domino daşlarının tökülməsi formatındadır. Ondan kimsə qaça bilmirsə, biz də qaça bilmərik. Burada başqa söhbətlər etmək, seçki qabağı özünü reklam etdirmək bir siyasətçi üçün ayıb məsələdir”.

 

ELÇİN