Partiya sədri “Atəşgah” Sığortanı sərt tənqid etdi: “…Eybəcərlikləri deməyə məcburam”

“Atəşgah” Sığorta Şirkəti ilə bağlı eybəcərlikləri deməyə məcburam. Demək istədiyim budur ki, şirkətlərə, komitələrə, nazirliklərə ayrı-ayrılıqda fikir bildirmək siyasətçi kimi bizə uyğun deyil. Hər məsələyə kompleks və sistemli yanaşmağın tərəfdarıyam. “Atəşgah” SŞ-nin isə qanunsuzluqlarda, vətəndaşları incitməkdə, qanunları ayaq altına salıb tapdamaqda, orada işləyənlərin çoxmərtəbəli və mürəkkəb korrupsiya piramidasında batdığını nəzərə alaraq bunu yazıram”.

Yenicag.az xəbər verir ki, bu sözləri AXCP sədri Razi Nurullayev deyib.

Onun sözlərinə görə şirkət öz mənafeyi naminə vətəndaşlar üçün problemlər yaradır:

“Rusiya vətəndaşının yenicə aldığı “Toyota” markalı maşın Bakıda arxadan vurulur. Vətəndaş günahını boynuna alır və polis də lazım olan kağızı təqdim edir. Sənəd “Atəşgah” SŞ-nə təqdim olunur. Vətəndaş bir gün sonra öz vurulmuş maşını ilə Rusiyaya qayıdacaq. Şirkət deyir ki, üç gün sonra gəl… Çox çək-çevirdən sonra könülsüz maşının şəklini çəkməyə razı olurlar. İsrarla deyirlər ki, maşın burada və bizim dediyimiz servisdə təmir edilməlidir. Vətəndaş deyir ki, maşın yenicə alınıb və Toyota servis mərkəzində qeydiyyatdadır. Buna görə də o, ancaq Toyota servis mərkəzində təmir edilə bilər. Siz pulunu hesablayın verin və mən özüm yaşadığım ölkədə Toyota servis mərkəzində təmirə verəcəm.

Əməkdaş (əməkdaş qoyaq bir kənara, bunların başda duranları da elə bu düşnücədədir və yarıtmaz idarəçidirlər. Bu barədə az sonra) deyir ki, xeyr, bizim qarajda olmalıdır. Vətəndaş soruşur ki, yaxşı olsun, o qarajın lisenziyası varmı, lisenziyası olarsa, Toyota mərkəz qəbul edə bilər. Əks halda, Toyota servis onu növbəti xidmət müddətindən məhrum edər. Əməkdaş israr edir ki, lisenziyası yəqin ki, var. Vətəndaş həmin xidmətə zəng edir ki, servis haqqında rəsmi sənəd verə biləcəksinizmi? Onlar, yox cavabı verir, belə çıxır ki, lisenziyaları yoxdur”.

Partiya sədri qeyd edib ki, belə mənzərə ortaya çıxır ki, “Atəşgah” SŞ özünün yaratdığı və ya razılaşdığı bir təmir xidməti ilə korrupsiya piramidası qurub:

“Hər bir sürücü bilir ki, sığorta şirkətləri hansı maxinasiyalar edir. Əməkdaşlar sürücülərlə belə razılaşaraq, daha çox məbləğ yazır və sonra artıq məbləği sürücü sığorta əməkdaşına qaytarır. Güman edirəm ki, “Atəşgah” SŞ-nin başında dayananlar qəzalar üçün bir neçə dəfə şişirdilmiş ödənişlərin böyük qismini “otkat” şəklində mənimsəyirlər.

Şirkətin səhifəsində göstərilmiş 940 nömrəsinə zəng edirəm, özümü təqdim etdikdən sonra rəhbərliklə danışmaq istədiyimi bildirirəm. Telefonda gözlədirlər məni və sonra deyirlər ki, rəhbərlik sizinlə danışa bilməz.

Səhifəyə daxil oldum və rəhbərliyin tərcümeyi-halına baxdım. Xaricdə oxuyublar, zəngin iş təcrübələri var və kifayət qədər gəncdirlər. Belə bir sual meydana çıxır. Siz kimsiniz?

Özünüzü çəkib hansı dağın zirvəsinə qoyursunuz? Bəlkə güvəndikləriniz var? Bilin ki, sizinlə mübarizə aparacam və sizi diz üstə gətirməyə çalışacam. Qanunsuz əməllər bilin ki, bir gün üzə çıxacaq və hər kəs etdiyi qanunsuzluq, özbaşınalıq, dikbaşlıq və mədəniyyətsizliyə görə cavab verməli olacaq”.

Razi Nurullayev Maliyyə Bazarlarına Nəzarət Palatasına məsələ ilə bağlı zəng etdiyini və məsələnin aidiyyatı qurumlarla birlikdə hüquqi müstəvidə həll edəcəyini bildirib. O, deyib ki, “Atəşgah” SŞ-nin qanunsuz əməlləri araşdırılıb ictimailəşməlidir ki, onların iç üzü hər kəsə aydın olsun.

COP29