Partiya sədri: “Bəzi diaspor “fəalları” müəyyən qrupların mövqelərini əks etdirirlər”

“Rusiyadakı bəzi diaspora “təmsilçilərimiz” hökümətin daxilindəki qruplardan birinin mövqeyini əks edir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Rusiyadakı diaspora nümayəndələrimizin ermənilərə yönəlik reverenslərinə münasibət bildirən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev deyib.

VİP sədrinin sözlərinə görə, Rusiyada fəaliyyət göstərən Azərbaycanla əlaqədar qurumların təmsilçilərinin bu davranışları ilk növbədə hökumətin diaspora siyasətinin düzgün qurulmamasından qaynaqlanır:

“Əslində, Rusiyada oturub ermənilərlə dostluq mesajı verən diaspora “fəalları”nın bu cür mövqe ifadələrinə təəccüblənmək lazım deyil.
O şəxslərin bir çoxunun qanında erməni qarışığı var, bəziləri isə azərbaycanlı ad-soyadı daşıyan ermənilərdir. Belələrindən, erməni qarışığı olanlardan nə gözləməliyik ki…

Mən bu cür halları hökumətin diaspora siyasətinin düzgün qurulmamasında görürəm. Əks halda, indi bu kimi məsələləri müzakirə etməzdik.

Hökumətin daxilindəki Rusiyameylli qrup diaspora təşkilatlarını da öz mövqeyinə uyğun formalaşdıraraq, təlimatlandırır. O “fəallar” da öz işlərində həmin qrupun mövqeyini əks etdirirlər. Bu, əlbəttə ki, çox təhlükəli tendensiyadır. Azərbaycandan kənarda yaşayan soydaşlarımızın fəaliyyətinində hansısa qrupun yox, dövlətin-millətin maraqları əsas götürülməyincə, belə hallar çox təkrarlanacaq”.

Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov qızının erməni ilə ailə qurmasını fəxrlə bəyan etmişdi.

Bu günlərdə isə Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) prezidenti, Rusiya prezidenti yanında Millətlərarası Əlaqələr Şurasının üzvü Mehriban Sadıqova “ermənilərlə azərbaycanlıların tarix boyu” dost olduqlarını deyib.

A.Zeynalov

COP29