Partiya sədrindən Əbdürrəhman Vəzirovun vəfatı ilə bağlı BAŞSAĞLIĞI

Milli Qeyrət Partiyasının (MQP) sədri Şakir Abbasov sovet Azərbaycanının keçmiş rəhbəri Əbdürrəhman Vəzirovun vəfatı ilə əlaqədar başsağlığı verib.

Yanicag.az xəbər verir ki, MQP sədri mərhum Əbdürrəhman Vəzirovu fəaliyyəti dövründə xalqın rifahı üçün çalışan rəhbər kimi dəyərləndirib.

Həm də Əbdürrəhman Vəzirovun Hüquqlarını Müdafiə Komitəsinin sədri olan Şakir Abbasov mərhumun öz fəaliyyəti dövründə rüşvət və korrupsiyadan uzaq olduğunu bildirib:

“Əbdürrəhman Vəzirovun vəfatı Azərbaycan xalqı üçün itkidir. Çünki o respublikaya rəhbərlik etdiyi mürəkkəb şəraitdə daim xalqın mənafeyini düşünüb, onun rifahı üçün çalışıb.

Mütləq qeyd edilməlidir ki, Vəzirov fəaliyyətdə olduğu dövrdə heç vaxt xalqın sərvətinə göz dikməyib, əksinə, respublikanın potensialını xalqın rifahının yüksəldilməsinə yönəldib.

Buna baxmayaraq, Əbdürrəhman Vəzirov ədalətsiz münasibətlə üzləşib və ömrünün qalan hissəsini respublikadan kənarda yaşamalı olub.

Bu itki ilə əlaqədar öz adımdan və Əbdürrəhman Vəzirovun Hüquqlarını Müdafiə Komitəsinin adından mərhumun ailəsinə, doğmalarına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.