“Qoy şəhərimizin mərkəzindən azan səsi gəlsin, müsəlmanlar rahat ibadət etsinlər”
Yenicag.az xəbər verir ki, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev hakimiyyəti Bakının mərkəzində yerləşən erməni kilsəsini məscidə çevirməyə çağırıb.
VİP sədri bu çağırışı özünün “Facebook” səhifəsindən yayımlayıb:
“Dünya müsəlmanlarını təbrik edirəm. Bəşəriyyətin memarlıq tarixinin ən möhtəşəm incisi hesab edilən Aya Sofya məbədi Türkiyə Cümhuriyyətin Dövlət Hüquq Şurasının qərarı ilə məscidə çevrildi. Unikal qərardır, lap tikilinin özü kimi. Allah bizlərə orada ibadəti nəsib etsin.
Bu hadisə göstərir ki, İslam dininin daşıyıcıları dinlər arasında fərq görmür, Allahın bütün evləri onlar üçün eynidir, başqa dinlərə öz dinləri qədər sayğı göstərilməlidir.
Hökumətə çağırış edirəm. Şəhərin mərkəzində olan erməni kilsəsini məscid elan edin, müsəlmanların üzünə açın. Allahın evi bağlı qalmaz. Qoy şəhərimizin mərkəzindən azan səsi gəlsin, müsəlmanlar rahat ibadət etsinlər”.