Partiya sədrindən nazirlərə və bahalaşmaya ÜSYAN: “Prezident Xankəndidə əziyyət çəkir, amma onlar burada…”
“Xalqı düşünməyən məmurlar nəyə görə 500 minlik maşınlarda gəzməli, dodağı silikonlu qizlara milyonlar xərcləməlidirlər?”.
Bu fikirləri ölkədə bir çox məhsul və xidmətlərin bahalaşmasını “əsaslandırmağa” çalışan məmurların yolverilməz davranışları haqda danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib.
Partiya sədrinin sözlərinə görə, xalqın vəziyyətini düşünməyən nazir və nazir müavinlərinin vəzifədə qalmağa mənəvi haqqı yoxdur:
“Ay vicdansız, sənin özünə və saxladığın əxlaqsız qadınlara aldığın təyyarə biletinin qiyməti sadə vətandaş üçün əlçatmazdır. Bu gün həmin məmurların qarınlarına ona görə sancı düşüb ki, prezident Qarabağda, Xankəndində Azərbaycan bayrağını qaldırıb.
Ermənilərlə qohumluğu olan , Rusiya və başqa dövlətlərə işləyən o cür insanlarla Əli Kərimlini eyni məqsədlər birləşdirir. Onlara demək lazımdır ki, vicdanınız olsun. Cənab prezident Füzulidə əhali ilə görüşəndə şəhid bacısının ağlamağına dözmədi, o da qəhərləndi.
Bu məmurlar əxlaqsız qadınlara bir gecədə nə qədər pul xərcləyirlər, onlara aldıqları parfümlərin qiyməti on beş-iyirmi min manatdır. Sizin üçün millətin onlar qədər dəyəri yoxdur?
Yüksək vəzifə tutan belələri dərhal işdən qovulmalıdır. Qarabağda böyük qələbə qazanmışıq. Amma xalq vəzifə, pul hərisi olan məmurların ucbatından bu qələbəni ürəyincə qeyd edə bilmir. Mən onların yaramazlıqları haqda danışanda, deyirlər ki, danışma. Niyə danışmayım?
Bu cür “moşennik”lərin, xalqdan xəbəri olmayanların, gününü əyləncə məclislərində keçirən nazir və nazir müavinlərinin vəzifədə qalmağa haqqı yoxdur. Axı neft ölkəsindəki AZAL benzini bəhanə edib qiymətləri niyə qaldırmalıdır? İndiyə kimi Cahangir dağıdırdı, indi də bunlar dağıdırlar. Cənab prezident onlara tapşırıb ki, xalqın içində olun, xalqa xidmət edin. Ancaq onlar yenə bildiklərini edirlər.
İşə baxın, cənab prezident gedib Füzulidə, Xankəndidə əziyyət çəkir, onlar da burada oturub keflərindən qalmırlar. Ölkənin Allah qoymasa, kənd təsərrüfatı naziri var, nə işlə məşğul olduğu bilinmir. Daha doğrusu, mən bilirəm, amma danışılası deyil. Ətin kilosu 14 manata, pomidorun kilosu 8 manata qalxıb. Ancaq kənd təsərrüfatı naziri bu bahalaşmanı vecinə də almır.
Xalqı düşünməyən məmurlar nəyə görə 500 minlik maşınlarda gəzməli, dodağı silikonlu qizlara milyonlar xərcləməlidirlər? Onlar mənəviyyatlarını itiriblər, Azərbaycan dövlətinə xəyanət edirlər, xalqdan xəbərləri yoxdur. Dediyim hər sözün arxasındayam, onları hər addımda ifşa edəcəyəm”.
Məsumə Məmmədova