Partiya sədrindən prezident İlham Əliyevə MÜRACİƏT: “Bizi Şuşaya yerləşdirsinlər”

“İşğaldan azad edilmiş ərazilərimizdə məskunlaşma prosesini sürətləndirməyin vacib olduğunu düşünürük”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında arzu edən vətəndaşlarımızın işğaldan azad olunmuş ərazilərimizə yerləşdirilməsinin vacibliyini önə çəkən Milli Qeyrət Partiyasının (MQP) sədri Şakir Abbasov deyib.

Şakir Abbasov ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciətində Qarabağın tam bərpasını gözləmədən əhalinin ilk növbədə Şuşaya yerləşdirilməsini təklif edib:

“Bilirik ki, Qarabağın bərpası və işğaldan azad edilmiş ərazilərimizdə həyatın öz axarına düşməsi üçün müəyyən müddət lazımdır. Ona görə də, mövcud şəraitdə soydaşlarımızın Şuşa şəhəri və infrastrukturun tam dağıdılmadığı yaşayış məntəqələrində məskunlaşmaları çox zəruridir.

Məlumdur ki, ötən il noyabrın 10-dan sonra qısa müddətdə 20-30 min erməni yenidən Qarabağda yerləşdirildi. Hazırda Şuşa, Hadrut və bır sıra başqa ərazilərdə yaşamaq mümkündür. Eyni zamanda, Ordumuz orada məskunlaşacaq əhalinin təhlükəsizliyini qorumaq gücündədir.

Bütün bunları nəzərə alaraq, işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşma prosesini sürətləndirməyin vacib olduğunu düşünürük. Bizi Şuşaya yerləşdirsinlər, öz ata-baba torpaqlarımızda yaşayış bərpa olunandan sonra isə həmin ərazilərə göndərsinlər.

Şübhə etmirəm ki, yaranmış vəziyyətdə Şuşada məskunlaşmaq, yaşamaq istəyən minlərlə insan var. Ümid edirəm ki, bu təklifimiz müsbət dəyərləndiriləcək və yaxın zamanda Şuşaya arzuedilən köç başlayacaq”.

Aqil Bəkir