Partiya sədrindən seçki AÇIQLAMASI: “Seçkiyə partiya olaraq qatılacağıq”

 

“Ən az dairələrin 30 faizində normal seçkinin keçirilməsinə şərait yaradılmalıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında YAP-dan olan deputatların parlament seçkilərinin 2 ay əvvələ çəkilməsi müraciətinə münasibət bildirən AĞ Partiya sədri Tural Abbaslı deyib.

Tural Abbaslının sözlərinə görə, bu qərar texniki qərardır.

“Prezient seçkilərindən sonra bir çox partiyaların tələbi idi ki, parlament seçkiləri yenidən keçirilsin. Həmçinin, boş yerlərə və sonradan boşalan yerlərə də seçkilər keçirilmədi. Hardasa 5 ili tamamladılar, – deyə o bildirib.

Partiya sədri hesab edir ki, verilən qərar siyasi qərar deyil:

“Çünki noyabrda COP29 var. İstənilən halda, seçkilərin keçirilməsi müsbət haldır. Seçkiyə partiya olaraq qatılacağıq və çalışacağıq mövqelərimizi möhkəmləndirək. Dövlətə təsir imkanlarımızı artıraq və parlamentdə təmsilçiliyimizə nail olmaq istəyəcəyik.

Seçki necə keçiriləcək, hansı yanaşma ilə baş tutacaq bunu indidən demək çətindir. İndiki qanunla belə normal seçki keçirmək olar, ancaq necə yanaşma olacaq, onu gözləyirik. Düşünürəm ki, ötən seçkilərdən demokratik seçki keçirilə bilər. Ən az dairələrin 30 faizində normal seçkinin keçirilməsinə şərait yaradılmalıdır. Müxalifət parlamentdə təmsil olunmalıdır ki, yeni dönəmin çağırışlarına cavab verə bilək”.

Səxavət Məmməd

COP29