Partiya sədrindən SƏRT REAKSİYA: “Ümumdünya Səhiyyə Təşkilatına iki-üç avara yığılıb, ağlına gələni deyir”
“Bu dərəcədə milləti sıxmaq olmaz”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Nazirlər Kabineti yanında Operativ Qərargahın dünənki brifinqdə karantinlə bağlı qərarlarına münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Hafiz Hacıyev bildirib ki, xalqın fikri nəzərə alınmalıdır:
“Dünən Operativ Qərargahın brifinqində belə məlum oldu ki, yoluxma sayı arta bilər. Hər halda, millətin fikri və durumu nəzərə alınmalıdır. Metro açılsa, daha yaxşı olardı. Marşrutlarda basa-basdır. Əgər yoluxma artarsa, fərqi yoxdur, avtobuslarda da artar. İyulun 14-də on minlərlə insan küçəyə çıxdı, bunun nəticəsində yoluxma sayı heç artmadı. Düşünürəm ki, yumuşalmaya getmək lazımdır. Çox ciddi narazılıq yaranır, bu narazılığın qarşısını almaq lazımdır. Yenə müəyyən yumuşalmalara əl atılmalıdır. Bu qədər karantin rejimini sərtləşdirməyə, uzatmağa ehtiyac yoxdur. İnsanlarımız məsafə saxlasınlar, maskadan istifadə etsinlər və böyük əksəriyyət də buna əməl edir”.
Partiya sədri metroların açılmamasını düzgün addım hesab etmir:
“SMS sistemi ləğv olunandan sonra bir çox iş yerləri işçilərini işə çağırır. Onlayn işləyə bilən şəxslər də işə çıxdıqda, avtobuslar ümumiyyətlə, bunun öhdəsindən gələ bilməyəcək. Bakının əsas yükünü metro çəkirdi. İndi bir işçi işə gedib gəlmək üçün gün ərzində 4-5 saat yolda vaxt itirəcək. Bunun hamısı nəzərə alınmalıdır. Ümumdünya Səhiyyə Təşkilatına iki-üç nəfər avara yığılıb, ağlına gələni deyir, biz onların keyfi ilə yaşaya bilmərik axı. Onsuzda öləcəyik. Ölən ölsün, qalan qalsın da. Bu qədər də məhdudiyyətlərə gərək yoxdur. İşə getməyə icazə verirsənsə, işçi nə ilə getsin? Bunu da nəzərə almaq lazımdır. Görünür Operativ Qərargahda bəzi mütəxəssislər naşıdır, təcrübəsi yoxdur. Ciddi tədbirlər görülməlidir. Yaxın günlərdə yumuşaldılmaya gediləcək. Bu barədə məlumatım var. Hər halda dövlətimiz, xalqımız üçün yaxşı olsun”.
Səxavət Məmməd