Partiya sədrləri bu dairələrdən namizəd olacaqlar

Seçki qanunvericiliyinə görə, bu ilin noyabr ayının ilk bazar günündə parlament seçkiləri keçirilməlidir. Lakin noyabr ayında Bakıda COP29 tədbiri keçiriləcək. Məhz bu beynəlxalq tədbirə görə parlament seçkilərinin vaxtı  irəli çəkilə bilər. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da açıqlama verib. 

Seçkilərə hazırlaşan siyasi partiyalar artıq tədricən namizədlərini müəyyənləşdirməkdədir.

Maraqlıdır, budəfəki seçkilərdə partiya sədrləri hansı seçki dairəsindən namizədliklərini irəli sürəcək?

Modern.az saytı bu sualla partiyalara müraciət edib.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bildirib ki, seçki dairəsini dəyişmək niyyəti yoxdur:

“Çox güman ki, yenə eyni seçki dairəsindən namizədliyimi irəli sürəcəm. Amma hansısa namizədimizin məhz mənim seçildiyim dairədən, mənim isə hansısa başqa dairədən seçilə bilmək şansı real olarsa, bu barədə düşünə bilərik. Hələlik ümumi proqnozlaşdırdığımız odur ki, seçildiyim 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədliyimi irəli sürüm. Çünki orada bazamız güclüdür və dəstəyimiz var. Seçicilərin əksəriyyətini də tanıyırıq. Hansısa problem yaşayacağımızı düşünmürük”.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev də hazırda təmsil etdiyi seçki dairəsini dəyişməyi düşünmür. O, bu dəfə də 79 saylı seçki dairəsindən namizəd olmağı planlaşdırır.

“Hazırda İmişlinin deputatıyam. İnşallah, elə oradan da namizəd olmaq fikrindəyəm”, – Partiya sədri deyib.

Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, deputat Qüdrət Həsənquliyevin hansı seçki dairəsindən namizədliyini irəli sürəcəyi barədə yekun qərar yoxdur.  Bu barədə ƏHDP sədrinin müavini Niyaməddin Orduxanlı bildirib:

“Hazırda bu məsələ ilə bağlı nəsə deyə bilmərik. Parlament seçkiləri elan olunduqdan sonra partiyanın ali orqanı sədrimiz Qüdrət Həsənquliyevin və digər üzvlərimizin namizədliyinin hansı seçki dairəsindən irəli sürüləcəyinə qərar verəcək. Bu barədə məlumat ictimaiyyətə elan olunacaq”.

Müsavat Pariyasının başqanı İsa Qəmbərin hansı dairədən namizəd olacağı kollegial qərardan asılıdır. Bu haqda partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı ibildirib:

“Ümumiyyətlə, biz seçkilərdə iştirak etməyin tərəfdarı olan siyasi partiyayıq. Hakimiyyətin ancaq seçkilər yolu ilə dəyişə biləcəyinə inanırıq. İndi partiyanın seçkilərdə iştirak edib-etməməsi, kimin hansı dairədən namizəd olması kimi məsələlər kollegial qərardan asılıdır. Hələ seçkilərin keçirilməsi ilə bağlı rəsmi qərar və elan yoxdur. Buna görə də indidən kimin hansı dairədən namizəd olacağını demək tezdir. Partiya nə qərar verəcəksə, İsa Qəmbər də ona hörmətlə yanaşacaq”.

Ağ Partiyanın sədri Tural Abbaslı sorğumuza cavabında deyib:

“Mən bu günə qədər bir seçki dairəsindən namizəd olmuşam. Həmin seçki dairəsindən 3 dəfə namizədliyimi irəli sürsəm də, yalnız iki dəfə namizədliyim qeydə alınıb. Yəqin ki, bu dəfə də 21 saylı Nəsimi-Binəqədi seçki dairəsindən namizədliyimi verəcəm. Çünki həm dairəni tanıyırıq, həm də burada işləmişik”.

Ədalət Partiyasının sədri İlyas İsmayılovun seçkilərdə iştirak edib-etməyəcəyi məlum deyil. Sədr müavini Mütəllim Rəhimli qeyd edib ki, parlament seçkilərində kimlərin iştirak edəcəyi ilə bağlı partiyada hələ qəraq qəbul olunmayıb:

“Təbii, biz çox istərdik ki, partiyanın sədri İlyas İsmayılov da seçkilərə qatılsın. Ancaq sədrimizin öz qərarı burada daha həlledici rol oynayır.

İlyas müəllim respublikamızda kifayət qədər tanınan və hörmət olunan siyasi xadimlərdən biridir. Onun istənilən dairədə seçicilərin rəğbətini qazanmaq gücünə malik olduğunu düşünürəm. İlyas İsmayılov əvəllər 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən seçkilərə qatılıb, 2006 və 2010-cu illərdə deputat seçilib. Hazırda həmin seçki dairəsi 107 saylı olub”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin seçkidə iştirak edib-etməyəcəyi bilinmir.

Sədrin müşaviri Məmməd İbrahim deyib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının parlament seçkilərində iştirakla bağlı qərarı yoxdur:

“Ona görə də hansısa dairədən Əli Kərimlinin namizədliyi müəyyənləşməyib. Partiya parlament seçkilərində iştirakla bağlı qərar verərsə, kimin haradan namizədliyini verməsi məsələsi də müəyyənləşdiriləcək”.

COP29