“Ümumiyyətlə, hələ ki, Yeni Azərbaycan Partiyasından başqa hamı təkrar qeydiyyatdan imtina cavabı alır”.
Bu fikirləri siyasi partiyalıarın təkrar qeydiuyyatdan keçmə prosesini dəyərləndirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, partiyaların əksəriyyətinin təkrar qeydiyyatdan imtina cavabı alacaqları gözlənilən idi:
“Əslində, sənədlərimizi hələ Ədliyyə Nazirliyinə təqdim etməzdən əvvəl də partiyamızın potensialına əsaslanaraq belə düşünürdük ki, azı beş min üzvümüzün siyahısını problemsiz hazırlayacağıq və qeydiyyat məsələsində problemlə üzləşməyəcəyik.
Amma bu prosesin gedişində bir çox partiyaya verilən imtina cavabları şəxsən məndə müəyyən tərəddüdlər yaratdı və partiyamızın eyni halla qarşılaşacağını prinsipcə, gözləyirdim. Yəni əmin olmasam da, belə ehtimallarım vardı.
Bildiyiniz kimi, Ədliyyə Nazirliyində təqdim olunan partiya üzvlərinin siyahısı müvafiq reyestr üzrə yoxlanılıb və bundan sonra konkret düzəlişlərin aparılması tələb edilir.
Ümumiyyətlə, hələ ki, Yeni Azərbaycan Partiyasından başqa hamı təkrar qeydiyyatdan imtina cavabı alır. Hər halda, tələb olunan düzəlişləri bitirdikdən sonra sənədlərimizi yenidən nazirliyiə göndərəcəyik.
Digər partiyalar haqda danışa bilmərəm, amma mənə belə gəlir ki, bizə verilən imtina cavabında süni maneə amili yoxdur. Bizdən sadəcə siyahının dəqiqləşdirilməsi tələb edilir. Yəni texniki xarakterli düzəlişlərin həyata keçirilməsi istənilir”.
A.Zeynalov