Partiyaların gündəmindən çıxan SOSİAL DURUM: “Özlərinə əziyyət verib zəruri təhlillər aparmırlar və…”
“İddialı partiyaların hökumətin hər bir addımına yönəlik əsaslandırılmış mövqeyi cəmiyyətə təqdim edilməlidir”.
Bu fikirləri fəaliyyətdə olan siyasi partiyaların ölkədəki sosial vəziyyətə yönəlik mövqe bildirməmələrinin səbəblərinə toxunan siyasi şərhçi Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, bu durumda həmin partiyaların siyasi meydançada boşuna yer tutmaqdansa, kənara çəkilmələri daha doğru olar:
“Son illərdə partiyaların o istiqamətdə fəaliyyəti faktik olaraq sıfırlanıb. Əslində, bu səpkili məsələlərlə bağlı partiyaların həm mövqeyi, həm də təklifləri olmalıdır. Yəni partiyalar dövlət bu və digər addımı atdıqda bunun nə qədər doğru, yaxud da yanlış olduğuna dair münasibət bildirməlidirlər. Ardından isə yanlış saydıqları addımlarla bağlı öz təkliflərini irəli sürməlidirlər.
Lakin son illərdə bunu müşahidə edirik ki, hətta ən özündən deyən, özünü müxalifətin avanqardı sayan partiyaların bu yöndə mövqe ifadələrinə rast gəlinmir. Sadəcə partiya rəhbərləri bir fərd olaraq sosial şəbəkələrdə nələrəsə münasibət bildirirlər. Yəni hansısa ucqar kənddə sıravi bir vətəndaş məsələlərə necə münasibət bildirirlərsə, müxalifət partiyalarının sədrləri də o səviyyədə baxışlarını açıqlayırlar.
Normalda isə iddialı partiyaların hökumətin hər bir addımına yönəlik əsaslandırılmış, mütəxəssislər tərəfindən hazırlanmış mövqeyi cəmiyyətə təqdim edilməlidir. Biz bunu hələ ki müşahidə edə bilmirik. Bu da ondan xəbər verir ki, həmin partiyaların özləri də siyasi qüvvə olaraq tükəndiklərinin fərqindədirlər. Ona görə də özlərinə əziyyət verib zəruri təhlillər aparmır və təkliflərlə çıxış etmirlər, etirazlarını da ağlabatan tərzdə ortaya qoya bilmirlər.
Fikrimcə, əgər vəziyyət belədirsə, o partiyalar artıq özlərini buraxmaq haqqında fikirləşməlidirlər. Yəni qəbul etməlidirlər ki, artıq tükəniblər, potensial bitib. Birtəhər bu nöqtəyə qədər yetişiblər, amma bundan daha irəli getməyə nəfəsləri çatmır. Mənə belə gəlir ki, bu durumda siyasi meydançada boşuna yer tutmaqdansa, kənara çəkilmələri daha doğru olar. Digər tərəfdənsə, müstəqil siyasi təşkilatlardır, biz onların işinə müdaxilə edə bilmərik. Ancaq, həqiqətən də, kənardan edilən müşahidə nəticəsində gəlinən qənaət bundan ibarətdir”.
A.Zeynalov