“Paşinyan 4 kəndi Azərbaycana verməyə hazırlaşır” – Erməni deputat

Ermənistanın baş naziri Nikol Paşinyanın dünən keçirdiyi mətbuat konfransı ölkədə geniş əks-səda doğurub. Xüsusilə də onun mətbuat konfransında Azərbaycanın 4 eksklav olmayan kəndi (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) barədə açıqlaması ciddi rezonansa səbəb olub.

Hazırda Ermənistanın Tavuş rayonunun tərkibində olan işğal edilmiş həmin kəndlərdən danışan Paşinyan deyib: “Ermənistan ərazisində heç vaxt belə adda kəndlər olmayıb”.

Yenicag.az xəbər verir ki, Ermənistan KİV-ləri və siyasətçilər bugünkü açıqlamalarında bildiriblər ki, Nikol Paşinyan bununla həmin kəndlərin Azərbayacan məxsus olduğunu deyib.

Baş nazir bununla da bildirib ki, İrəvan qismən delimitasiyaya getməyə hazırdır, prosesin Tavuş rayonundan başlayacağını istisna etmir.

“Paşinyan Bağanis Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Alma-Ata bəyannaməsinə əsasən, de-yure Ermənistan ərazisində olmadığını açıqlayıb”, – “Hraparak” yazıb.

Parlamentin “Hayastan” fraksiyasının üzvü Qarnik Danielyan isə bildirib ki, Paşinyanın dediklərindən belə güman edilir ki, həmin 4 yaşayış məntəqəsinin Azərbaycana verilməsini sərhədlərin delimitasiyasının başlanğıcı hesab etmək olar:

“Birinci mərhələdə delimitasiya adı altında həmin 4 kəndi təhvil verir. O deyəndə ki, biz Tavuş rayonundan heç bir kəndi Azərbaycana vermirik, dolayısı ilə həmin 4 kəndi Tavuşun bir hissəsi saymır, manipulyasiya edir, deyir ki, bunlar Ermənistanın deyil, Azərbaycanındır və sərhədin delimitasiyasl zamanı onları geri verməli olacağıq”.

Adı çəkilən nəşr etiraf edir ki, əslində həmin 4 kənd 90-cı illərdən erməni tərəfinin nəzarətindədir. Gürcüstandan Ermənistana gələn dövlətlərarası yol, qaz xətti o kəndlərin yanından keçir.

“Paşinyan deyib ki, əgər Ermənistan kommunikasiyaları əldə edilmiş razılaşmalara əsaslanan hüdudları aşarsa, o zaman onlar Ermənistanın de-yure ərazisindən keçməsi üçün yenidən qurulmalıdır”, – deyə “Hraparak” baş nazirdən sitat gətirib.

Bu kontekstdə Paşinyan qeyd edib ki, Aşağı Əskipara problemlidir. O, xəritədə izah edib ki, dövlətlərarası yolun bir hissəsi Azərbaycandır və əslində ondan yan keçmək üçün yeni yollar çəkilməlidir.

“Biz nəyisə kəsmirik, amma dəqiq görürük ki, yolun bir hissəsi Voskepar (Əskipara) kəndində de-yure xətti keçir, sonra yenidən Ermənistan Respublikasının ərazisinə daxil olur. Əvvəllər müzakirələrdə elə bir fon var idi ki, harda yol varsa, məsələni belə həll etməliyik: yolun o hissəsini saxlayıb, başqa yerdən ona bərabər olan hissəni verməliyik. Sonra belə qənaətə gəldik ki, bunu etmək lazım deyil, çünki bu, əlavə qeyri-müəyyənliklər yaradır”, – Paşinyan bildirib.

“Hraparak” yazır ki, dünənki mətbuat konfransında Paşinyan Azərbaycanın tələb etdiyi 4 kəndin taleyinin necə olacağından xüsusi danışsa da, Ermənistanın esklavı olan Başkənd (ermənilər Gədəbəydəki bu kəndə Artsvaşen deyirlər-red.) barədə geniş açıqlama verməyib.

“O, çıxış edərkən Ermənistanın 29800 kvadrat kilometrlik xəritəsinin maketini göstərdi. O, xəritə ilə yanaşı, vaxtaşırı kiçik bir parça da göstərirdi: Azərbaycandakı erməni esklavı olan şərti Artsvaşen. Əgər Bakı Ermənistandakı esklav kəndlərin qaytarılmasını tələb edərsə, o zaman erməni tərəfi də Artsvaşeni tələb edəcək. Bununla belə, Paşinyan Artsvaşenin adını çəkməyib”, – qəzet yazıb./Modern.az

COP29