Bu gün Brüsseldə Paşinyan-Blinken-Leyen görüşü start götürüb.
Görüş sözdə Ermənistanın iqtisadi tempinin yüksəldilməsi fonunda Avropa İttifaqının (Aİ) bu ölkəyə dəstəyini ifadə etsə də, pərdəarxasında hansı oyunlarının getdiyini görmək mümkün olur.
Siyasilərin mətbuata açıqlamasında Blinken və Borrelin 30 illik işğalçılıq siyasətini özündə saxlayan İrəvana dəstəklərini ifadə etməsi isə artıq hər şeyi gözlər önünə sərdi.
Yenicag.az bildirir ki, ABŞ-nin dövlət katibi Entoni Blinkenin “Biz erməni xalqının demokratik və firavan gələcəyinə və dinc Cənubi Qafqaz regionunu üçün transatlantik dəstəyi bir daha təsdiqləmək üçün buradayıq” fikirləri kollektiv Qərbin Azərbaycana qarşı olan açıq mətnli mesajı idi. Bundan əlavə, Avropanın Xarici Siyasət və Təhlükəsizlik üzrə ali komissarı Jozep Borrelin “Güclü və sabit Ermənistan daha güclü və sabit Cənubi Qafqaz deməkdir” sözləri faktiki olaraq Ermənistanın hərbi avantürası üçün dəstək xarakterli mesajdan başqa bir şey deyildi.
Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin “Biz Ermənistanın iqtisadiyyatını və cəmiyyətini inkişaf etdirmək və dayanıqlı etmək üçün sərmayə qoyacağıq. Aİ Ermənistana ilk növbədə infrastruktur layihələrinə, xüsusilə Qara Dəniz Elektrik Kabel layihəsinə, eləcə də bərpa olunan enerji istehsalına sərmayə qoyacaq” deməsi isə məsələnin məğzini fərqli yönlərə çevirmək, habelə Aİ-nin anti-Rusiya siyasətini İrəvanın üzərindən oynaması anlamına gəlirdi.
Bu günlərdə Ermənistanın “Hraparak” nəşrinin 5 aprel görüşü ilə bağlı yazdığı məqalədə qeyd olunub ki, sıravi ermənilər bunu xilas və nicat yolu kimi görsələr də, əslində, bu, ABŞ və Aİ-nin Ermənistanı yeni bir fəlakətə sürükləməsidir. Qəzet iddia edir ki, Moskva-İrəvan münasibətlərinin gərginləşən xətt fonunda inkişaf etməsi, habelə görüş öncəsi baş nazir Paşinyanın KTMT və Kremlin ünvanına qarşı söylədiyi bəyanatlar, şübhəsiz ki, Rusiya tərəfindən cavabsız qalmayacaq.
O cümlədən, bir sıra erməni politoloqlar ötən gün Ermənistan parlamentində baş tutan “Ermənistanın Avropaya inteqrasiyasının yeni perspektivləri və çağırışları” adlı dinləmələri qərbyönlü qüvvələrin nümayəndələrinin Moskva-İrəvan münasibətlərində yeni bir cəbhə açması kimi dəyərləndiriblər.
Hadisələrin gedişatı onu göstərir ki, Paşinyan iqtidarı Avropanın basqısı nəticəsində nəyin bahasına olursa-olsun, ölkəsini Rusiyanın təsir rıçaqlarından azad etmək niyyətindədir. Lakin Ermənistan ordusunun sərhədyanı bölgələrdəki hərbi aktivliyi Avropadan mədət uman Paşinyan administrasiyanın fikirlərinin müxtəlifliyini də izah edir.
Cənubi Qafqazda müharibə ritorikasının artırılması, Avropanın Ermənistanı yeni bir savaşa cəlb etmək istəyi isə region ölkələrinin fəlakətin astanasında olmasını göstərir. Bu barədə Prezident İlham Əliyev açıq mətnlə bildirdi. Dövlət başçısının “Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi, Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək” ifadəsi Aİ-nin bölgədəki planlarının nə dərəcədə faciəvi olmasını diqqətə çatdırır.
Bu gün Ermənistan hakimiyyətinin nəyə güvəndiyi və nəyi düşündüyü sual altındadır.
Lakin gərginlik indi də davam edir və bunun sonunun nə ilə nəticələnəcəyi birbaşa İrəvandan asılıdır.
Rafi Müslümov