Paşinyan ciddi sınaqla üz-üzə: “Ermənistanda xarici qüvvələrin əlində alətə çevrilən dairələr mövcuddur”

“Ermənistanda xarici qüvvələrin əlində alətə çevrilən dairələr mövcuddur. Yəni Paşinyan ciddi sınaqla üz-üzədir”.

Bunu Yenicag.az-a açıqlamasında Ermənistanda baş verən etiraz aksiyalarının baş nazir Nikol Paşinyan hakimiyyətinə qarşı təhlükələrindən danışan politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu aksiyalar ölkədaxili auditoriyanı hakimiyyətdən narazı salmaq xarakteri daşıyır.

“Proseslər hazırda təhlükəli vəziyyəti özündə əks etdirir. İndiyə qədər hansısa ictimai-siyasi fəaliyyəti olmayan keşişin hazırda atdığı addımlar bunu deməyə əsas verir. Çünki Baqrat baş nazir postunu ələ keçirmək niyyətindədir”, – deyə o əlavə edib.

Politoloq qeyd edib ki, Ermənistanda xarici qüvvələrin əlində alətə çevrilən dairələr mövcuddur.

“Yəni Paşinyan ciddi sınaqla üz-üzədir. Düzdür, onun əlində aksiyanın qarşısını almağa kifayət qədər güc var. Ancaq təşkilatçıların arxasında anti-Paşinyan qüvvələrin olması bir qədər böyük problemləri üzə çıxar. Nəticə etibarilə aksiyaların təhlükəli olması amili məhz sadalanan faktorlarla bağlıdır”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli