Paşinyan hakimiyyətinə qarşı daxili ETİRAZLAR: Gerçək siyasi mübarizə, yoxsa əks-təbliğat kampaniyası?

““Hraparak” nəşri Nikol Paşinyan hakimiyyətinə müxalif bir nəşrdir. Ona görə də Ermənistandakı hakim “Vətəndaş müqaviləsi” partiyasında Paşinyana qarşı etirazların yaranacağı ilə bağlı iddiaların yaranması həqiqətdən daha çox bu ölkədəki daxili-siyasi mübarizədə istifadə olunan əks-təbliğat kampaniyasıdır”.

Bu barədə Yenicag.az-a açıqlamasında siyasi təhlilçi Oktay Qasımov deyib.

O, Ermənistanın müxalifyönümlü “Hraparak” nəşrinin hakim “Vətəndaş müqaviləsi” partiyasının daxilində baş nazir Nikol Paşinyana qarşı etirazların olması ilə bağlı dərc etdiyi informasiyalara münasibət bildirib.

Paşinyanın partiyasındakı narazılıqlardan söz açan həmsöhbətimiz isə söyləyib ki, baş nazirin sülh prosesini Rusiya formatına keçirib Qərb formatından uzaqlaşması doğru deyil:

“Bunun heç bir əsası və faktı yoxdur. Çünki Paşinyan avqustda keçirdiyi mətbuat konfransında bəyan etdi ki, o, ikitərəfli formatda danışıqlara üstünlük verir və bunu da Rusiya prezidenti Vladimir Putinin diqqətinə çatdırıb. Amma eyni zamanda, o, bir ayaq yeri də qoydu ki, əgər ehtiyac olarsa, bu barədə müzakirələr aparıla bilər. Yəni burada Paşinyanın Rusiyaya yönəlmiş hansısa reveranslarından söhbət getmir.

O ki qaldı Paşinyanın gələn ay Kazanda keçiriləcək BRICS-in toplantısında iştirakına, əlbəttə, o, Rusiya ilə körpüləri tamamilə yandırmaq istəmir və bunu doğru edir. Çünki hazırda Rusiya ilə qarşıdurmaya getmək Ermənistan üçün daha ciddi problemlər yarada bilər, nəinki Paşinyanın apardığı siyasət”.

Onun sözlərinə görə, partiya daxilində hər zaman yekdil fikir olmur və ola bilsin ki, Paşinyanın bu cür praqmatik yanaşmalarından kimlərsə narazı ola bilər:

“Düşünmürəm ki, bu narazılıqlar partiyadaxili ciddi problemlərə gətirib çıxara bilər. Çünki Nikol Paşinyan öz partiyasında hələlik qəbul olunan yeganə və şəriksiz lider mövqeyindədir. An etibarilə isə onu əvəz edəcək ciddi bir fiqur yoxdur. Doğrudur, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, parlamentin spikeri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyanın post-Paşinyan dönəmində ölkə başçısı kimi adı çəkilsə də, düşünmürəm ki, onların hamısı Ermənistanda Paşinyan qədər populyar ola bilərlər. Çünki Paşinyan həm də populist bir siyasətçi olduğu üçün xalq kütlələrinə daha çox təsir edə biləcək bir xarakterə sahibdir.

Fikrimcə, partiya daxilində hələlik ciddi proseslər getməyəcək. Ona görə ki, Azərbaycan və Ermənistan arasındakı münasibətlər hələlik o həddə deyil ki. Bu proseslər hakim “Vətəndaş müqaviləsi” fraksiyasında hansısa neqativ hadisələrin cərəyan etməsinə səbəb olsun”.

Qeyd edək ki, “Hraparak” nəşri yazıb ki, Qərb Paşinyana sülh prosesini Rusiya platformasına köçürməsini bağışlamayacaq. Nəşrin fikrincə, artıq hakim “Vətəndaş müqavilə” fraksiyasının qərbyönlü hissəsində Paşinyanın əməllərindən narazılıq artır.

“Paşinyan Bakı ilə əlaqələr qurur, Rusiyaya hörmətli münasibət tələb edir və Aİ-yə daxil olmaq üçün referenduma qarşı çıxır. Ola bilsin ki, onlar partiyadaxili etiraz aksiyası təşkil etməyə çalışacaqlar və açıq-aşkar Qərbə yönələcək qrupa arxalanacaqlar. Bu qrupun məqsədi Paşinyan hakimiyyətini devirməkdir”, – deyə KİV sözügedən iddia ilə çıxış edib.

Rafi Müslümov

COP29