Paşinyan HƏRƏKƏTƏ KEÇDİ – “Gerçək Ermənistan” ideyası ilə erməni şovinizmini MƏHV EDİR

Nikol Paşinyanın irəli sürdüyü “Gerçək Ermənistan” mövzusu praktik mərhələyə keçib.

Yenicag.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri yazır ki, dünən Baş nazir 20-30 nəfərlik qruplarla hökumət binasına gəlib, sərbəst mühitdə bu məsələni müzakirə etməyi təklif edib:

“Əgər 70 və daha çox nəfərlik qruplar formalaşarsa, o, şəxsən gedərək mühazirə oxuyacağını bildirib. Lakin “layihə” adlandırılan sənəd heç bir rəsmi hüquqi statusa – qətnamə, qərar və ya qanun formasına malik deyil. Bu, sadəcə, Konstitusiya müzakirələrinə zəmin hazırlamaq üçün qarışıq fikirlərin ifadəsidir. “Vətəndaş Müqaviləsi” Partiyası (VMP) da gizlətmir ki, yeni Konstitusiyanın müqəddiməsindən Müstəqillik Bəyannaməsinə istinad çıxarılacaq və Paşinyan onu öz yazdığı bu “Gerçək Ermənistan Layihəsi” ilə əvəz edə bilər.

VMP üzvlərindən biri isə özəl söhbətdə bildirdi ki, Paşinyanın bu fikirləri partiya daxilində dəstəklənməsə də, bu, onun istəklərini həyata keçirməsinə mane olmayacaq – hətta komandasında bir nəfər belə tərəfdarı olmasa belə…”

“Joqovurd” isə yazır ki, gözlənilən seçkilər ərəfəsində hakimiyyət nümayəndələri qruplara bölünərək fəaliyyətə keçiblər.

Qəzetin məlumatına görə, VMP-nin son qapalı iclaslarından birində Nikol Paşinyan seçkilərə qədər “komandalara bölünüb işləməyi” tapşırıb.

Qeyd olunur ki, VMP üzvlərinin bir hissəsinə bölgələrə gedərək vətəndaşlarla görüşmək, onların dəstəyini qazanmaq tapşırılıb:

“Digər bir qrupa paytaxt İrəvanda müxtəlif fəal dairələrlə, xüsusilə gənclərlə görüşlər keçirmək həvalə olunub. Başqa bir qrup isə müsahibələr verməklə və ardıcıl şəkildə VMP tezislərini yaymaqla – “Gerçək Ermənistan”, “Sülh müqaviləsi” və s. mövzular üzərində işləyəcək. Digər bir qrupa isə Gümrü və Parakar seçkilərində VMP-nin xeyrinə səs toplamaq üçün fasiləsiz işləmək tapşırılıb”.

KİV-in əldə etdiyi məlumata görə, seçkiöncəsi bütün prosesdə şəxsən Nikol Paşinyan da aktiv iştirak edəcək.

Rafi Müslümov