Paşinyan iqtidarının sonuna nə qədər qalıb? – Zərdüşt Əlizadənin ŞƏRHİ / VİDEO

“Generalitet istəyir ki, Paşinyan bu məsuliyyəti tam şəkildə öz üzərinə götürsün və bu proses başa çatsın”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanı bürüyən siyasi böhran fonunda baş nazir Nikol Paşinyanın siyasi aqibətini dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib.

Onun sözlərinə görə, Paşinyan ölkədə özünün təsir imkanlarını hələ də saxlayır:

“Məntiqə görə, məğlub dövlətin başçısı istefa verməlidir və bu istefanı tələb edən xeyli sayda müxalifətçi var. Ancaq digər tərəfdən, Ermənistanda Nikol qədər sosial bazası olan başqa bir siyasətçi yoxdur. Daşnaklar da, Köçəryan da, Vanetsyan da, Manukyan da, bunlar hamısı vətəndaşların rəğbətini qazanmaqda Paşinyana uduzurlar.

Unutmayaq ki, Paşinyan hələ də dövlət aparatına rəhbərlik edir və orduya nəzarət onun əlindədir. Çünki ordu məsuliyyəti təkbaşına öz üzərinə götürmək istəmir. Generalitet istəyir ki, Paşinyan bu məsuliyyəti tam şəkildə öz üzərinə götürsün və bu proses başa çatsın.

Hələlik Paşinyan alternativsiz baş nazir kimi Ermənistanı idarə edir. Eyni zamanda, Qərb də Paşinyanı dəstəkləyir. İndiki halda Paşinyan sındırılıb, Rusiyaya tam tabedir, onun qarşısında diz çöküb. Paşinyan olmur, başqası olsun, fərqi yoxdur, həm 102-ci hərbi baza vasitəsilə, həm də Qarabağdakı sülhməramlılar vasitəsilə Rusiya bölgəni nəzarətə götürüb. Putin üçün Paşinyanın əhəmiyyəti artıq itib”.

Aqil Bəkir