!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Paşinyan istəmir ki, Rusiya orada tam ağa olsun" - ŞƏRH

!Reklam – Yazi

“Rusiya Azərbaycanın bu əməliyyatlarına göz yumması ilə Ermənistana demək istəyir ki, Zəngəzur dəhlizini onların nəzarətinə versin”.

Bunu Qarabağda Azərbaycan ordusunun keçirdiyi xüsusi əməliyyatlardan sonra baş verəcək proseslər barədə danışan politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Rusiyanın Ermənistanla bağlı niyyəti Azərbaycanı öz hüquqi istəyinə çatdırır:

“Qarabağdakı əməliyyatların iki məqsədi var. Bir məqsəd Azərbaycana xidmət edir. Azərbaycan tələb edirdi ki, üçtərəfli bəyanatda göstərildiyi kimi, Ermənistan Silahlı Qüvvələri Qarabağdan çıxsın. Onlar buna əməl etmirdi. Ruslar da onları buna vadar etmirdilər. Əməliyyatlardan sonra ayın 1-də bir mərhələ oldu, 3-də ikinci mərhələ oldu, ayın 3-dən 4-ə keçən gecə Qarabağdakı hərbi hissələrdə xidmət edən bütün Ermənistandan olan əsgərləri təcili yığdılar, gətirdilər İrəvana və onları tərxis etdilər. Bəzilərinin heç xidmət müddəti də bitməmişdi, ancaq onları belə tərxis etdilər. Lakin Qarabağda hələ də müqaviləli hərbçilər qalıb. Azərbaycan onları da Ermənistan ordusunun mənsubları sayır. Çünki onların bəziləri “Dağlıq Qarabağ” hökuməti ilə müqavilə imzalayıb və “Qarabağın müdafiə ordusu”nda xidmət edirlər. Onların pulunu Ermənistan ödəyir. Ermənistan separatçı rejimə 300 milyon dollar verir. Arayik həmin puldan həm “ordu”ya pul xərcləyir, həm məmurların maaşını verir. Kim pul verirsə, mahnını da o sifariş edir. Belə çıxır ki, Qarabağdakı silahlılar Ermənistana məxsusdur. Azərbaycan tələb edir ki, onlar tərk-silah olunsunlar. Hətta Azərbaycan əhaliyə müraciət edib ki, özünüz ordunuzu tərk-silah edin, kişilər evlərinə qayıtsınlar, Ermənistandan olanlar da öz ölkələrinə getsinlər. Ermənistan tərəfi bildirir ki, 3 minə yaxın silahlı erməni əhalisinin təhlükəsizliyini təmin edir. Bu, boş söhbətdir. 50 minlik qoşunun ortasında 3 min nə edə bilər? Erməni əhalisinin təhlükəsizliyini Rusiya sülhməramlıları təmin edir.

İkinci məqsəd isə Rusiyanındır. Rusiya ilə razılaşma olmasaydı, Azərbaycan çətin rusların yerləşdiyi ərazidə əməliyyat keçirərdi. Rusiya Azərbaycanın bu əməliyyatlarına göz yumması ilə Ermənistana demək istəyir ki, Zəngəzur dəhlizini onların nəzarətinə versin. Dövlətlər arasında elə bir müqavilə bağlansın ki, Rusiya orada tam ağa olsun. Ermənistan bunu istəmir. Onsuz da İran və Türkiyə ilə sərhədlərin qorunması Rusiya Federal Təhlükəsizlik Xidmətinin qoşunlarına tapşırılıb. Üstəlik, Zəngəzur dəhlizinin də bu hala gəlməsi Ermənistan dövlətinin məhdudlaşdırılması anlamına gələcək. Ona görə də Nikol Paşinyan bunu istəmir. Rusiyanın bu niyyəti Azərbaycanı öz qanuni istəyinə çatdırır. Buna görə də Paşinyan üçtərəflli bəyanatdakı öhdəlikləri yerinə yetirmir. Əgər Paşinyan bunu etsə, Qarabağın erməni əhalisi Ermənistana axışıb gedəcək. Bunu da nə ABŞ, nə də Fransa istəyir. Onlar da istəyirlər ki, regiondakı vəziyyətə hansısa bir yolla müdaxilə etsinlər”.

Səxavət Məmməd

www.yenicag.az

531
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv