“Paşinyanın Kərkiyə getməsi Azərbaycanla sülh danışıqlarını sabotaj etmək cəhdi sayıla bilərdi”.
Bunu Yenicag.az-a açıqlamasında Ermənistan baş naziri Nikol Paşinyanın yaxın kəndlərə səfər etsə də, Kərkiyə getməməsinin səbəblərini izah edən politoloq Nazim Cəfərsoy deyib.
Onun sözlərinə görə, ilk növbədə Kərkinin Azərbaycan ərazisi olduğunu və işğalda saxlanıldığını nəzərə almaq lazımdır.
“Paşinyan dəfələrlə Ermənistan xəritəsini əks etdirən maketi əlində tutaraq cəmiyyətə göstərib. Həmin xəritədə isə nə Kərki, nə də Qazaxın 3 kəndi yer alıb”, – deyə o əlavə edib.
Politoloq bildirib ki, nəzərə alınmalı məqamlardan biri isə daxili siyasətlə bağlıdır.
“Belə ki, həm də baş nazir sözügedən ərazidə əhalinin narazılığına səbəb olmamaq üçün oraya getməmiş ola bilər. Eyni zamanda, həmin kənddə nə qədər əhali yaşadığı da sual altındadır.
Hazırda baş nazirin Kərkiyə getməsi Azərbaycanla sülh danışıqlarını sabotaj etmək cəhdi sayıla bilərdi. Əlavə olaraq, bəzi dairələrin Azərbaycanın hərbi əməliyyatlara hazırlaşdığı ilə bağlı xəbərlər gündəmə gətirməyə çalışdığı bir vaxtda Paşinyanın Kərkiyə səfəri, alova benzin tökmək kimi bir şey olardı”, – deyə politoloq bildirib.
Nəsimi Ələsgərli