Paşinyan “nal-mıx” siyasətinə davam edir: “Azərbaycanın yumruğu dəydikdə ağlı başına gəlir, xaricdən tezis gəldikdə…”
“Paşinyan bir gün İran mollalarından, bir gün Fransadan, bir gün Rusiyadan, digər gün isə Mozambikdən tezis alır. Kimə nə uyğundursa, onu da icra edir”.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyanın Ermənistanın Azərbaycanla sərhədin delimitasiyasına hazır olması ilə bağlı bəyanatı haqqında danışan politoloq Ramiz Alıyev Yenicag.az-a açıqlamasında deyib.
Politoloq Paşinyanın beynəlxalq aləmdə nüfuzunun qalmadığını vurğulayıb:
“Çünki Ermənistanı Paşinyan daxil olmaqla, heç bir lider müstəqil idarə etməyib. Hər biri xarici qüvvələrin tezisləri ilə bəyanatlar verir. Paşinyan üç-dörd gün öncəyə qədər tamam başqa bəyanatlar səsləndirib. Paşinyan parlamentdə ən böyük səhvlərinin Qarabağın Azərbaycana aid olduğunu ictimaiyyətə açıqlaya bilmədikləri olduğunu səsləndirib. Görün nə qədər şüursuz olmaq lazımdır ki, doxsanıncı illərdə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını başa düşməyəsən. Azərbaycanın ərazi bütövlüyünü dünya birliyi tanıyır, Paşinyan tanımasa, nə dəyişəcək?
Paşinyanın bu cür “sülhyönümlü” bəyanatları müvəqqəti xarakter daşıyır. O, üçtərəfli bəyannaməni imzalamadan öncə Qarabağdakı qanunsuz hərbi birləşmələrin törətdiyi təxribatlarda Ermənistan Müdafiə Nazirliyinin cavabdeh olmadığını və təmizlənməsi üçün vaxt lazım olduğunu bildirmişdi. Üçtərəfli bəyannaməyə əsasən, Ermənistana vaxt verildi. Lakin hələ də qanunsuz birləşmələrin bölgədən çıxarıldığını müşahidə etməmişik. Paşinyan hansı sözünün üstündə dayanıb ki, indi bəyanatının arxasında dayansın?
Paşinyana Azərbaycanın yumruğu dəydikdə ağlı başına gəlir, xaricdən tezis gəldikdə yenidən verdiyi bəyanatlardan imtina edir. Paşinyanı artıq nə Ermənistan, nə də dünya ictimaiyyəti ciddi siyasətçi kimi qəbul edir. Küçə adamı nə bilir siyasət nədir? Bir gün İran mollalarından, bir gün Fransadan, bir gün Rusiyadan, digər gün isə Mozambikdən tezis alır. Kimə nə uyğundursa, onu da icra edir”.
Nəsimi Ələsgərli