!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paşinyan olduğu kimi: Ermənistanın baş nazirini şişirtmək, yoxsa kiçiltmək?

!Reklam – Yazi

“Əslində, Paşinyanın mediada verilən təqdimatında hansısa ciddi təhriflərin olduğunu düşünmürəm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında işğalçı Ermənistanın baş naziri Nikol Paşinyana mediada yaradılan obrazın reallığa uyğunluğunu dəyərləndirən politoloq Elçin Mirzəbəyli deyib.

Bu ilin mayında Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra iqtidara gələn Nikol Paşinyanın fəaliyyəti və müntəzəm verdiyi bəyanatlar Azərbaycanda da izlənilir, media və sosial şəbəkələrdə tirajlanır.

Bununla yanaşı, Paşinyanın Azərbaycanla bağlı, konkret olaraq, Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar səsləndirdiyi fikirlərin təqdimatında fərqli yanaşmaların şahidi oluruq.

Dəqiq desək, bu zaman işğalçı ölkənin baş naziri ya populizmə söykənən siyasi təlxək obrazında, ya da təhdidləri ciddi qəbul olunan hökumət rəhbəri qismində auditoriyaya təqdim edilir. Digər tərəfdən isə Paşinyanın Azərbaycana yönəlik səsləndirmədiyi fikirlər ətrafında müzakirə və mübahisə açılması da qeyd olunmalıdır. Əlbəttə ki, belə fərqli yanaşmalar cəmiyyətdə müəyyən çağqınlığa və yanlış təəssüratların yaranmasına gətirib çıxarır.

Mövzu haqqında Yenicag.az-a danışan Elçin Mirzəbəylinin fikrincə, bu cür mövzuların müzakirəsinə ehtiyac yaranmaması üçün həmin aktuallığı yaradan səbəblər aradan qaldırılmalıdır:

“Şəxsi fikrim bundan ibarətdir ki, mediada Paşinyanın obrazı təhrif olunmur – işğalçı ölkənin baş naziri olduğu kimi göstərilir. Ancaq nəzərə alaq ki, Paşinyan “sarı mətbuat”ın yetirməsi olsa da, siyasətə mediadan gəlib, publika üçün necə oynamağı bilir. O adam yüksək artistizm qabiliyyətinə, komik personaj obrazına malikdir və bu imkanlarından istifadə etməyə çalışır.

Biz bunu Paşinyanın hələ baş nazir olmazdan əvvəlki fəaliyyətində, həmçinin də hökumət başçısı olandan sonra müşahidə etməkdəyik. Populizm onun əsas silahıdır, harada nə demək lazım olduğunu, hansı gedişlərlə xal yığa biləcəyini müəyyənləşdirə bilir. Bu, məsələnin bir tərəfi.

Digər tərəfdən, onun bəyanatlarına baxanda, Paşinyanın nə qədər qeyri-ciddi siyasətçi olduğunu görmək çətin deyil. Məsələn, o, cəmi bir neçə gün əvvəl Dağlıq Qarabağ münaqişəsinin həllinə dair mövqeyini iyirmi dörd saat ərzində dörd dəfə dəyişdi.

Bir dəfə dedi ki, Dağlıq Qarabağ öz müqəddəratını təyin etməlidir, az sonra separatçı rejimin danışıqlara cəlb olunmasının vacibliyini bildirdi. Ardınca danışıqlarda güzəştə getməyəcəyini, sonda isə Azərbaycanla danışıqlara hazır olduğunu bəyan etdi. Yəni bu fərqli yanaşmalar dediyim kimi, cəmi iyirmi dörd saat ərzində ifadə olunub. Özünüz də deyin, baş nazir postunu tutan belə qeyri-ciddi siyasətçinin obrazını təhrif etməyə ehtiyac varmı?

Ümumiyyətlə, hazırda Paşinyanı qayğılandıran ən əsas məsələ öz hakimiyyətini qoruyub saxlaya bilməkdir. Çünki Ermənistan parlamentinin indiki tərkibinin mütləq hissəsi rəqib siyasi qüvvələrə məxsus deputatlardan ibarətdir. Bu isə Paşinyanın hakimiyyətini tükdən asılı vəziyyətdə saxlayır.

Paşinyan bu təhlükəni aradan qaldırmaq üçün növbədənkənar parlament seçkilərinə getməlidir. Belə bir qərar veriləcəyi təqdirdə, o, istefa verməlidir. Bu amil isə Paşinyanın parlamentdə səs çoxluğu qazanaraq, yenidən baş nazir seçilməsini mümkünsüz edir.

Yəni Paşinyanı bu cür fəal görünməyə məcbur edən, bir-birini təkzib edən bəyanatlar verməsinə səbəb olan məsələ hakimiyyətini qorumaq və ya yeni seçkilər keçiriləcəksə, təkrar baş nazir postuna qayıtmaq qayğısıdır.

Belə düşünürəm ki, mediamız Paşinyana və ümumiyyətlə, Ermənistandakı proseslərə lazım olandan artıq yer ayırmamalıdır. İmkan olduqca, heç toxunmamalıdır. Təbii ki, bu cür mövzuların müzakirəsinə ehtiyac yaranmaması üçün həmin aktuallığı yaradan səbəblər aradan qaldırılmalıdır”.

A.Zeynalov

www.yenicag.az

2763
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv